Gürcüstan, Tbilisi, 13 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Diplomatik Akademiyasının nəzdində Rusiya Analitik Tədqiqatları İnstitutu yaradılıb. İnstitutda əsas məqsəd Rusiyanın xarici və daxili siyasətində baş verən proseslərin və onların dünyaya, əsasən, Grücüstana mümkün təsirinin təhlilidir.
İnstitutun direktoru ekspert Soso Sinsadzedir. Onun sözlərinə görə, mütəxəssislərin işləri və tədqiqatları, hazırlanan tövsiyələr mətbuatda dərc olunacaq.
Bununla yanaşı, institut konfrans, seminar və "dəyirmi masa"ların keçirilməsini planlaşdırır.
İnstitutun təsis olunması mərasimində Gürcüstan Parlamentinin spikeri David Bakradze iştirak edib.
"Gürcüstan və Rusiya arasında hazırkı münasibətləri nəzərə alaraq, münasibətlərin necə inkişaf edəcəyi, Moskvadan nələri gözləməyin mümkünlüyü və Grücüstanın problemi necə həll edəcəyi barədə istənilən ixtisaslaşdırılmış və akademik proqnoz bizim üçün çox vacibdir", - o bildirib.
Bakradze ümidvar olduğunu bildirib ki, bu instituta daxil olan aparıcı-tədqiqatçılar Gürcüstan rəhbərliyinə ixtisaslaşdırılmış tövsiyələr verəcəklər. "Deyə bilərəm, mənim kimi, parlamentin müvafiq komitələri də onlardan tövsiyələr almağa hazırdır", - spiker vurğulayıb.