Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinin canlandırılmasının vacibliyini qeyd edir.
Bu barədə Elin Süleymanov Cənubi Kaliforniya Universitetinin tələbələri ilə görüşündə bildirib, - Baş Konsulluğun məlumatında deyilir.
Universitetdə Azərbaycanın xarici siyasətinə həsr olunmuş seminar keçirilib. Seminar Baş Konsulluq və universitet tərəfindən təşkil olunub.
Baş konsul Süleymanov və universitetin beynəlxalq münasibətlər fakültəsinin professoru Robert İnqliş universitetin tələbə və aspirantlarını Azərbaycanın xarici və enerji siyasəti ilə tanış edib.
Tələbələr ABŞ-ın regiondakı siyasəti ilə maraqlanıb, ABŞ-ın Cənubi Qafqazda daha fəal roluna ümid ifadə edilib. Qeyd olunub ki, ABŞ-ın xarici siyasətində ikili standartlar ölkənin dünyadakı imicinə ziyan vurur.