...

Ermənistan yenilənmiş Madrid prinsiplərinə müsbət cavab verərsə və Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarsa, bölgədə tammiqyaslı sülh təmin oluna bilər - Prezident İlham Əliyev

Siyasət Materials 18 May 2010 01:42 (UTC +04:00)
Əgər Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərinə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonar mətbuat konfransında bildirib.
Ermənistan yenilənmiş Madrid prinsiplərinə müsbət cavab verərsə və Azərbaycan torpaqlarından işğalçı qüvvələr çıxarsa, bölgədə tammiqyaslı sülh təmin oluna bilər - Prezident İlham Əliyev

Əgər Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərinə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonar mətbuat konfransında bildirib.

"O ki qaldı yenilənmiş Madrid prinsiplərinin əsasında verilən təklifə, bir daha demək istəyirəm ki, Azərbaycan tərəfi prinsip etibarilə, çox kiçik istisnalarla bu təklifi qəbul etdi. Biz eyni yanaşmanı Ermənistan tərəfindən də gözləyirik. Baxmayaraq ki, təklif rəsmən veriləndən sonra təxminən 6 ay vaxt keçibdir və Ermənistan tərəfindən müsbət cavab verilməyibdir. Biz bunu belə qəbul edirik ki, sadəcə olaraq Ermənistan tərəfi çalışır ki, vaxtı uzatsın. Məsələnin həlli üçün önəmli addımlar atmasın və beləliklə, bu danışıqlar prosesini daimi prosesə çevirsin. Əlbəttə ki, biz buna heç cür razılıq verə bilmərik. Danışıqlar prosesinin müəyyən çərçivələri olmalıdır. Eyni zamanda, vaxt çərçivələri olmalıdır. Minsk qrupu 1992-ci ildə yaradılıbdır. İyirmi ilə yaxındır ki, danışıqlar gedir. Bütün dövrlərdə danışıqların həlledici məqamlarında Ermənistan tərəfi addımlar atıb ki, danışıqları pozsun. Əfsuslar olsun ki, bu gün də biz eyni mənzərəni müşahidə edirik.
Ona görə Ermənistan tərəfi öz mövqeyini bildirməlidir. Ya Rusiya, Fransa, Amerika tərəfindən verilmiş təklifə müsbət cavab verəcək və o təqdirdə biz məsələnin həllinə yaxınlaşacağıq. Ya da ki, mənfi cavab veriləcək və beləliklə, danışıqlar prosesi pozulacaq və Ermənistan ilə Azərbaycan arasında yeni dövr başlaya bilər. Əgər Ermənistan tərəfi verilən təklifə müsbət cavab verərsə və bunun əsasında Azərbaycan torpaqlarından Ermənistanın işğalçı qüvvələrinin çıxması prosesi başlanarsa, Azərbaycan təbii ki, Ermənistanla bütün sərhədləri açacaqdır. Bütün kommunikasiyalar açılacaqdır və beləliklə, bölgədə tammiqyaslı sülh və təhlükəsizlik tədbirləri təmin oluna bilər" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uzun illərdir ki, səylər göstərilir.
"Azərbaycan bütün dövrlərdə məsələnin ədalətli, beynəlxalq hüquq normaları əsasında və sülh yolu ilə həllinin tərəfdarı olmuşdur. 1994-cü ildə atəşkəs rejimi bağlandı. Danışıqlar 16 ildir davam edir və deyə bilərəm ki, nəticəsiz davam edir. Buna baxmayaraq, Azərbaycan hələ də sülh prosesinə sadiqdir. Bu gün biz əlbəttə ki, regional məsələləri də geniş şəkildə müzakirə etdik. Xüsusilə bölgədə təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını bir daha müzakirə etdik. Mən hörmətli cənab Baş naziri danışıqların son vəziyyəti ilə bağlı məlumatlandırdım. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri uzun illərdir ki, pozulubdur. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Etnik təmizləmə siyasəti nəticəsində bir milyon Azərbaycan vətəndaşı öz torpağında qaçqın-köçkün vəziyyətindədir. Bu, böyük ədalətsizlikdir. Beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edibdir. Bu qətnamələr icrasız qalıbdır. İslam Konfransı Təşkilatı, ATƏT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edibdir. Ancaq əfsuslar olsun ki, danışıqlar prosesində heç bir müsbət irəliləyiş yoxdur. Azərbaycan bütün dövrlərdə özünü danışıqlar prosesində konstruktiv aparır. Eyni yanaşmanı biz Ermənistan tərəfindən gözləyirik ki, işğala son qoyulsun, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıda bilsinlər və ondan sonra bölgədə genişmiqyaslı sülh yarana bilər" Azərbaycan Prezidenti deyib.
İlham Əliyev Azərbaycan qazının ixracına da toxunub.
"O ki qaldı, Azərbaycan qazının ixracına, bilirsiniz ki, bu gün Azərbaycan qazı mövcud olan və tikintisi nəzərdə tutulan kəmərlərin əsas mənbəyidir. Azərbaycan uzun illərdir ki, öz neft-qaz potensialını işə salıbdır və böyük kəşfiyyat işləri aparılıbdır. Bizim neft-qaz imkanlarımız çox genişdir. Bu gün Azərbaycan qazı müxtəlif istiqamətlərdə qonşu ölkələrə nəql edilir. Biz çalışırıq ki, bu coğrafiyanı genişləndirək. Əgər bizə məqbul şərtlər verilərsə, əlbəttə ki, biz istənilən qaz layihəsinə qoşula bilərik. Bu gün çox sevindirici hal ondan ibarətdir ki, keçən ay Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər öz həllini tapıbdır. Yəni prinsip etibarilə biz bütün məsələləri razılaşdırdıq. İndi konkret texniki işlər aparılır ki, artıq saziş imzalamaya hazırlansın.
Bizim enerji siyasətimiz həmişə çox açıq və aydın olmuşdur. Biz şaxələndirmə siyasətini təmin edirik. Yəni Azərbaycan ixracın şaxələndirilməsi işində öz rolunu oynayır. Bizim təbii ehtiyatlarımızı nəzərə alıb demək olar ki, növbəti onilliklər ərzində Azərbaycan çox etibarlı qaz ixrac edən ölkə kimi özünü dünyada daha da geniş mənada təqdim edəcəkdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Baxmayaraq, iqtisadi sahədə hələ çox iş görülməlidir, ancaq onu da qeyd etməliyik ki, qarşılıqlı ticarət dövriyyəsi artır və ticarət dövriyyəsinin strukturu da müsbətdir. Energetika sahəsində aramızda olan əlaqələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün çox böyük əhəmiyyətə malikdir. Bizim birgə həyata keçirdiyimiz layihələr - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri bu gün Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyini təmin edir. Şübhə yoxdur ki, biz enerji sahəsində əməkdaşlığı gələcəkdə bu gözəl təməl əsasında daha da gücləndirəcəyik. Bunu etmək üçün bütün imkanlar vardır" dövlət başçısı vurğulayıb.

İlham Əliyev Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrin çox uğurla inkişaf etdiyini bildirib.
"Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Son iyirmi ilə yaxın müddətdə Türkiyə ilə Azərbaycan arasında əlaqələr daim yüksək səviyyədə olmuşdur. Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir.
Bütün başqa sahələrdə də əlaqələrimiz bizi qane edir. Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk.
Keçən il Naxçıvanda türkdilli dövlətlərin başçılarının zirvə görüşünün keçirilməsi və o zirvə görüşünün nəticələri türk dünyasının birləşməsinə xidmət göstərmişdir. Bu gün Bakıda biz həyatımızda çox əlamətdar hadisə kimi yadda qalacaq gözəl mərasimdə iştirak edəcəyik. Biz türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürkün abidəsinin açılışında bərabər iştirak edəcəyik. Bu abidənin açılışı böyük öndərin xatirəsinə verilən qiymətdir. Azərbaycan xalqının onun xatirəsinə göstərdiyi hörmətdir. Eyni zamanda, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı, xalqlarımız arasında dostluq-qardaşlıq münasibətlərinin gücləndirilməsi üçün də bunun böyük əhəmiyyəti vardır.
Bir daha demək istəyirəm ki, bizim bugünkü görüşümüz həmişə olduğu kimi, dostluq-qardaşlıq şəraitində keçirilib. Nümayəndə heyətlərinin bütün üzvləri bir-biri ilə sıx əlaqədədirlər. Türkiyə-Azərbaycan əlaqələri möhkəm təməl üzərində qurulubdur. Bu əlaqələr sarsılmaz əlaqələrdir. Bu əlaqələrin inkişafı üçün biz bundan sonra da çalışacağıq. Hörmətli Baş nazirin, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bugünkü səfəri bu əlaqələrin inkişafı üçün də çox önəmli addım olacaqdır" Azərbaycan Prezidenti çıxışında qeyd edib.

Xəbər lenti

Xəbər lenti