...

Türkiyədə olan bəzi qüvvələr Azərbaycanla münasibətlərdə soyuqluq yaratmaq istəyirlər - politoloq

Siyasət Materials 3 İyun 2010 12:39 (UTC +04:00)
Türkiyədə olan bəzi qüvvələr İsrailin humanitar karvana silahlı hücumu ilə bağlı məsələdən istifadə edib, iki dövlət arasındakı münasibətlərdə soyuqluq yaratmaq istəyirlər, - Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
Türkiyədə olan bəzi qüvvələr Azərbaycanla münasibətlərdə soyuqluq yaratmaq istəyirlər - politoloq

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Türkiyədə olan bəzi qüvvələr İsrailin humanitar karvana silahlı hücumu ilə bağlı məsələdən istifadə edib, iki dövlət arasındakı münasibətlərdə soyuqluq yaratmaq istəyirlər, - Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.

Politoloq bildirib ki, Azərbaycanın məlum məsələyə verdiyi reaksiya Türkiyə hakimiyyətinin siyasətinə uyğundur.

"Azərbaycan bu insidentdə Türkiyəni dəstəklədi və onun mövqeyini müdafiə etdi. Azərbaycanda İsrail Səfirliyi qarşısında aksiyalar keçirildi, Qafqaz Müsəlmaları İdarəsi məlum hadisəni pisləyən bəyanat verdi, Azərbaycan mətbuatı Türkiyənin əleyhinə olan bir yazı belə vermədi. Bəzi ərəb və türkdilli ölkələrin bu hadisə baş verən vaxt susduğu zaman, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat səsləndirib. Bütün bunlar Azərbaycan ictimaiyyətinin və dövlətinin Türkiyəyə dəstəyidir", - deyə Əhmədoğlu vurğulayıb.

Politoloq bildirib ki, bu məsələdə Türkiyə stabil siyasət aparmalı, İsraillə münasibətlərdə nə kəskin sərtlik, nə də kəskin yumşaqlıq nümayiş etdirməlidir.

İsrail xüsusitəyinatlıları bazar ertəsinə keçən gecə 6 gəmidən ibarət "Azadlıq donanması"nın ələ keçirilməsi üzrə əməliyyat həyata keçirib. Gəmilərdə humanitar yüklə yanaşı, blokada altında olan Fələstin anklavasına gedən 600 hüquq müdafiəçisi olub. Onların əksəriyyəti Türkiyə vətəndaşı olub. Dünyanın KİV-nə görə, əməliyyat zamanı 19 nəfər həlak olub, israillilər isə 10 nəfərin öldüyünü təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti