...

MAQATE İsraildən nüvə proqramında əməkdaşlıq etməyi tələb edib - Əli Əsgər Soltaniyyə

Siyasət Materials 12 İyun 2010 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir U.Sadıxova/

Bloklara qoşulmamaq hərəkatı ölkələri və ərəb dövlətləri sərt formada Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (MAQATE) baş direktoru Yukiya Amanodan İsraildə olması zənn edilən nüvə silahına dair hesabat hazırlamağı və İsraili onun nüvə potensialı haqda məlumat verməyə məcbur etməyi tələb edib. Bunu İranın MAQATE-dəki nümayəndəsi Əli Əsgər Soltaniyyə deyib.

İlk dəfə olaraq 20 ildən sonra nümayəndə heyəti başçıları səviyyəsində Vyanada MAQATE-də İsrailin nüvə proqramı haqda məsələ qaldırılıb.

"MAQATE-nin bugünkü iclası Nyu-Yorkda keçirilmiş Nüvə Silahının Yayılmaması Haqqında Müqaviləyə yenidən baxılması üzrə konfransdan sonra İsrailə göstərilən ikinci təzyiqdir. Hal-hazırda İsrail güclü xarici təzyiq altındadır", - iclasda iştirak edən Soltaniyyə Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, MAQATE-yə üzv bir çox ölkələrin bu dərəcədə sərt tələblərinin səbəbi "Azadlıq donanması" ətrafında baş vermiş son hadisələrdir.

Bir həftə bundan əvvəl İsrail HDQ Aralıq dənizində Qəzzanın blokada altında olan sektoruna tərəf üzən, içində humanitar yük və hüquq müdafiəçilərinin nümayəndə heyəti olan 6 gəmini saxlayıb. Əməliyyat zamanı "Azadlıq donanması"nın 9 iştirakçısı həlak olub, onlarca insan yaralanıb, yüzlərlə  iştirakçı həbsə alınıb və sonra deportasiya edilib. Həmçinin, fələstinpərəst fəalların sərt müqaviməti ilə rastlaşan 7 İsrail "kommandos"u yaralanıb. Beynəlxalq ictimaiyyət bu hadisələrin təcili araşdırılmasını tələb edib.

MAQATE-dəki İran nümayəndəsi, həmçinin, əlavə edib ki, Vyanada bugünkü müzakirələrdə ABŞ və bəzi Avropa dövlətləri istisna olmaqla, ölkələrin əksəriyyəti belə bir fikrə gəlib ki, İsrail nüvə silahının yayılmaması haqda müqaviləyə qoşulmalı və özünün nüvə reaktorlarını MAQATE-nin nəzarəti altına verməlidir.

Soltaniyyə deyib ki, analoji qərar Nyu-Yorkda may ayında keçirilmiş konfransın yekun bəyanatında da mövcuddur.

Hərbi bloklarda iştirak etməmək prinsipi üzrə 118 dövləti birləşdirmiş Bloklara Qoşulmamaq Hərəkatının bütün ölkələri bu qərarın lehinə səs verib. Hərəkatın başçısı hal-hazırda Misirdir.

İsrailin öz ərazisində olması zənn edilən nüvə obyektləri ətrafında apardığı "kölgəli" siyasət, ərəb dövlətləri və Türkiyənin fikrincə, Nüvə Silahının Yayılmaması Haqqında Müqavilənin 1995-ci ildəki qətnaməsinə əsasən, Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasında bir əngəl olaraq qalır. İsrail, onda nüvə silahının olmasını nə inkar edir, nə də ki boynuna alır. O, bu sahədə hansısa beynəlxalq əməkdaşlıqdan, o cümlədən, Hindistan və Pakistanla bərabər, Nüvə Silahının Yayılmaması Haqqında Müqaviləyə qoşulmaqdan imtina edir.

İsraildə belə hesab edirlər ki, "nüvə sükutu" siyasəti, bölgədə təhlükəsizliyə və stabilliyə əngəl yaratmadığı halda, istənilən ölkənin milli maraqlarına uyğun gəlir.

Xəbər lenti

Xəbər lenti