...

Azərbaycanın hakim partiyası üzvlərinin Parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb

Siyasət Materials 9 İyul 2010 13:50 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası üzvlərinin Parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb.
Azərbaycanın hakim partiyası üzvlərinin Parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) üzvlərinin Parlament seçkilərində iştirakı ilə bağlı mövqeyini açıqlayıb.

"Seçkilərdə namizədlik irəli sürmək hər bir vətəndaşın hüququdur. Lakin Yeni Azərbaycan Partiyasının hazırladığı vahid siyahıdan kənar partiya üzvünün namizədliyini irəli sürməsi partiyanın iradəsinə, siyasətinə qarşı getməkdir. Ona görə də həmin şəxslərlə biz eyni partiyada ola bilmərik. Təşkilatlardakı görüşlərimizdə də əsas prinsipial məsələlərdən biri ondan ibarətdir ki, hər bir dairədən partiya tərəfindən bir namizəd irəli sürüləcək və digər partiya üzvləri həmin namizədləri dəstəkləyəcək və lazımi köməklik göstərəcək", - bunu cümə günü Trend-ə partiyanın icra katibinin müavini Səyavuş Novruzov bildirib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Novruzovun sözlərinə görə, belə bir hal baş verərsə, həmin şəxsin partiya ilə münasibətlərinə yenidən baxılacaq.

"Hər hansı partiya üzvü öz namizədliyini irəli sürmək fikrindədirsə, vətəndaş kimi irəli sürə bilər, lakin həmin şəxsə partiya tərəfindən heç bir dəstək göstərilməyəcək və partiya ilə münasibətlərinə də baxılacaq", - YAP funksioneri əlavə edib.

Novruzov YAP-ın Parlament seçkilərindəki namizəd siyasından da danışıb.

"İndi bu proses davam edir. YAP rayon və şəhər təşkilatlarının nümayəndələri ilə görüşlər keçirilir. Bu proses seçki proqramına uyğun olaraq bir neçə mövqedən öyrənilir. Yəni ki, keçmişdə bizim ordan olan namizədlər, hazırda Milli Məclisin deputatı olan şəxslər, gələcəkdə kimlərin hansı dairədən keçmək imkanları və ona alternativ olacaq şəxslər və başqa məsələlər araşdırılır. Bakı şəhəri üzrə bu proses başa çatmaq üzrədir. Bundan sonra qalan seçkiyə qədər olan dövrdə kənd rayonlarında bu proses davam edəcək. Bütün informasiyaları topladıqdan sonra, namizədlərimizi saf-çürük etdikdən sonra, təbii ki, seçki başlayan ərəfədə namizədlərin hansı dairədə iştirakı üçün siyahı dərc olunacaq", - millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti