...

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birliyi baş tutmayacaq - partiya sədri

Siyasət Materials 22 İyul 2010 10:44 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birliyi baş tutmayacaq.
Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birliyi baş tutmayacaq - partiya sədri

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının birliyi baş tutmayacaq, - bu barədə çərşənbə günü Trend-ə müxalif "Ümid" partiyasının sədri, deputat İqbal Ağazadə bildirib.

"Əgər nəzəri cəhətdən hesab etsək ki, bu birlik baş tutacaq, o halda birləşmə əvəzinə daha böyük parçalanma olacaq. Amma əminəm ki, bu birlik olmayacaq", - Ağazadə əlavə edib.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşərək bir partiya olmasını təklif edib.

Ağazadə bu birləşmə ideyasına uğurlar arzulayıb.

"Biz, sadəcə, bir ekspert kimi bu məsələyə münasibətimizi bildirmişik. Bizim bu birləşmədən nə istəyəcəyimiz bir şey, nə də gözləntimiz var", - Ağazadə əlavə edib.

Ağazadə deyib ki, partiyalar arasında birliyə mane olan proseslərə və gələcəyə baxışda ciddi fərqlər var.

"AXCP ilə Müsavat Partiyasının iddia etdikləri kimi, baxışları nə qədər eynidirsə, "Ümid" partiyasının baxışları bir o qədər fərqlidir. Mən şəxsi münasibətlərin siyasətə daşınmasının tərəfdarı deyiləm. Bu, əslində, demokratiyanın ana xətlərindən biri olan konsensusa ziddir. Bu gün bu proseslərdə qeyd etdiyimiz partiyalar şəxsi münasibətləri siyasətə daşıyırlar. Azərbaycanın gələcəyinə baxışda siyasi partiyaların baxışları bir-birindən o qədər də fərqlənmir", - Ağazadə deyib.

Onun sözlərinə görə, hamı Azərbaycanın siyasi kursunu Qərbə, NATO-ya inteqrasiyada, demokratik cəmiyyət quruculuğu qurmaqda görür.

"Bu, hamının ana prinsipidir. Əgər hamı bu prinsipləri qəbul edirsə, gərək hamı birləşsin. Hətta iqtidar da bunu bəyan edir. Söhbət bu siyasəti necə gerçəkləşdirməkdən və həmçinin, bu siyasətə çatmada olan baxışlardan gedir. Bax, bu yola çatmağa dair baxışlarımız ciddi şəkildə fərqlənir", - Ağazadə bildirib.

Xəbər lenti

Xəbər lenti