...

Əhmədinejad və Obama arasında teledebatlar çox güman ki, baş tutmayacaq – ekspertlər

Siyasət Materials 4 Avqust 2010 09:00 (UTC +04:00)
İran və ABŞ prezidentləri arasında teledebatların keçiriləcəyi, eləcə də onların effektivliyi ekspertlərdə şübhə doğurur.
Əhmədinejad və Obama arasında teledebatlar çox güman ki, baş tutmayacaq – ekspertlər

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir T.Konyayeva/

İran və ABŞ prezidentləri arasında teledebatların keçiriləcəyi, eləcə də onların effektivliyi ekspertlərdə şübhə doğurur.

"Düşünürəm ki, ABŞ Əhmədinejadın ictimai debatların keçirilməsi ilə bağlı təklifini tam ciddi şəkildə qəbul etməmək hüququna malikdir", - Trend-ə elektron poçtla Melburn Universitetinin professoru Şahram Əkbərzadə bildirib.

İran Prezidenti Mahmud Əhmədinejad bazar ertəsi bəyan edib ki, avqustun sonunda BMT Baş Assambleyasında iştirakı zamanı "dünya problemlərinin həllində kimin təklifinin daha effektli olmasını müəyyən etmək üçün" ABŞ Prezidenti Barak Obama ilə birgə televiziya debatlarına hazırdır.

İran lideri əvvəllər belə debatların keçirilməsini Corc Buşa təklif etmişdi, lakin Vaşinqton bu tədbirdən imtina etmişdi.

Əkbərzadənin fikrincə, Obama administrasiyası İranla ilkin şərtlərsiz (bu, İranın uranın zənginləşdirilməsi üzrə proqramı amerikalılarla dialoq zamanı davam etdirə bilməsi deməkdir) nüvə problemini müzakirə etməyə hazır olsa belə, İranda mühafizəkar liderlər tərəfindən cavab ya susma, ya da qorxutmaqda günahlandırma olacaq.

"Əhmədinejad beynəlxalq ictimaiyyətə və Birləşmiş Ştatlara qarşı xoş məram nümayiş etdirmir. O, dalana dirənən nüvə məsələsinin nizamlanması üzrə bütün beynəlxalq səylərə etinasızlıq göstərib", - o bildirib.

İranın nüvə proqramı Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) onun gizli fəaliyyəti haqqında məlum olduqdan sonra beynəlxalq ictimaiyyətdə 2003-cü ildən etibarən narahatlıq doğurur. 2003-cü ilin sonunda İran nüvə silahının yayılmaması haqqında müqaviləyə əlavə protokol imzalayıb və uranın zənginləşdirilməsi üzrə işlərin könüllü dayandırıldığını bəyan edib. Lakin bir neçə müddətdən sonra bu fəaliyyətə yenidən qayıtmalı olub.

Zənginləşdirilmiş uran nüvə silahının yaradılması üçün istifadə oluna bilər. Bununla belə, o, atom elektrik stansiyaları üçün yanacaq qismində də lazımdır. Bəzi dövlətlər, o cümlədən ABŞ İranı sülh nüvə proqramı altında hərbi məqsədlər üçün nüvə silahını hazırlamaqda günahlandırırlar. Tehran bütün iradları rədd edərək bəyan edib ki, onun nüvə proqramı müstəsna olaraq sülh məqsədinə yönəlib.

"Əhmədinejad 1979-cu il inqilabının ritorikasında danışır", - Əkbərzadə belə hesab edir.

"Əhmədinejad özünü dövlət xadimi və ya İran xalqının nümayəndəsi və onun maraqlarının təmsilçisi kimi deyil, İslam inqilabçısı kimi aparır. O, əsl diskussiyada yox, islamçıların unudulmuş şüarlarından və Birləşmiş Ştatlar ünvanına ittihamların yağdırılmasından təkrar istifadədə maraqlıdır", - o qeyd edib.

Əkbərzadənin sözlərinə görə, ABŞ Əhmədinejada belə imkanı verməməlidir.

O hesab edir ki, nüvə "dalanı"ndan ən yaxşı çıxış yolu "sakit diplomatiya" və keçmişin səhvlərini etiraf etməkdir.

"Obama ABŞ-ın 1953-cü ildə İrandakı çevrilişdə və Pəhləvi sülaləsini dəstəkləməkdə rolunu etiraf etməklə, keçmiş səhvlərin həllində xeyli uğur qazanıb. Əhmədinejad müqayisə oluna bilən şəxsi kişilik nümayiş etdirmədi və cavab addımları atmadı", - Əkbərzadə vurğulayıb.

Ötən ilin iyununda Qahirədə Prezident Obama ABŞ-ın İranda Məhəmməd Müsəddiq hakimiyyətinin devrilməsini təşkil etməsini etiraf edib. Bu, hakimiyyətdə olan ABŞ Prezidentinin ictimaiyyət qarşısında Birləşmiş Ştatların çevrilişdə iştirakını etiraf etdiyi ilk tarixi hadisədir.

Əkbərzadənin sözlərinə görə, Əhmədinejadla "ictimaiyyət qarşısında diskussiya"ların xeyri yoxdur.

İsrailli ekspert Barri Rubin də hesab edir ki, teledebatlar baş tutmayacaq.

"Debatlar keçirilməyəcək, heç bir konstruktiv nəticə olmayacaq", - Trend-ə elektron poçtla beynəlxalq münasibətlər sahəsində Qlobal Araşdırmalar Mərkəzinin (GLORIA) direktoru Rubin deyib.

İranlı politoloq Piruz Müctəhidzadənin fikrincə, ABŞ-ın İran Prezidentinin birgə müzakirələrdə iştirakla bağlı təklifini qəbul etməməsinə səbəb İsrailin mövcudluğudur.

"ABŞ-ın Əhmədinejadın təklifini qəbul etməməsinin səbəbi tam aydındır. ABŞ Prezidenti Obama Yaxın Şərqlə bağlı məsələlərdə İsrailin mövcudluğunu nəzərə almalıdır", - "Urosevic" tədqiqat mərkəzinin sədri Müctəhidzadə Trend-ə telefonla bildirib.

O güman edir ki, Əhmədinejadın təklifi ABŞ-ın İsrailin güclü təsirindən azad olmasını nəzərdə tutan sadə şərtə riayət olunmanı güdür.

"Yalnız belə olan halda ABŞ Prezidenti bu təklifi qəbul edəcək", - o bildirib.

O hesab edir ki, ABŞ Prezidentinin bununla dünya ictimaiyyətinə özünün haqlı olmasını sübut etməyə imkanı olacaq.

Mümkün teledebatların nəticələrinə gəldikdə, Müctəhidzadə qeyd edib ki, debatlar baş tutacağı halda, hansısa konstruktiv nəticələrin əldə edilməsi mümkündür.

"Təbii ki, debatların keçiriləcəyi təqdirdə, hər iki tərəf ölkələr aarsında münasibətlərin pisləşməsinə deyil, yaxşılaşmasına çalışacaq", - o vurğulayıb.

Obama İran Prezidentinin təklifini hələ ki şərh etməyib. Ağ Ev administrasiyasının nümayəndəsinin bəyanatına görə, iki prezidentin teledebatlar çərçivəsində mümkün görüşünün keçirilməsi nəzəri cəhətdən istisna edilmir.

Materialın hazırlanmasında T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti