...

Azərbaycanın daha iki müxalifət partiyası seçki bloku yaradıb

Siyasət Materials 25 Avqust 2010 16:31 (UTC +04:00)
Azərbaycanın müxalif Liberal (ALP) və Vətəndaş və İnkişaf partiyaları (VİP) birgə seçki blokunun yaradılması barədə qərar qəbul edib.
Azərbaycanın daha iki müxalifət partiyası seçki bloku yaradıb

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Liberal (ALP) və Vətəndaş və İnkişaf partiyaları (VİP) birgə seçki blokunun yaradılması barədə qərar qəbul edib. Bu barədə çərşənbə günü Trend-ə VİP sədri Əli Əliyev bildirib.

"Bu gün iki partiyanın - Liberal və Vətəndaş və İnkişaf partiyalarının icra aparatlarının birgə iclası keçirilib. İlkin olaraq 72 nəfərin namizədliyinin birgə dəstəklənməsi və iki partiyanın birgə seçki bloku yaratması ilə bağlı qərar qəbul olunub", - Əliyev deyib.

Bir neçə müddət idi ki, VİP və ALP-nin birgə iştirakı ilə seçki blokunun yaradılması istiqamətində fəaliyyət həyata keçirilirdi. Bundan öncə Trend-ə ADP sədri Sərdar Cəlaloğlu və Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də bu bloka qoşulacaqlarını demişdilər. Çərşənbə günü ADP və Ümid partiyaları "Qarabağ" bloku yaratdıqlarını elan ediblər.

Əliyevin sözlərinə görə, şənbə günü VİP Siyasi Şurasının toplantısı keçiriləcək.

"İclasda blokun yaradılması ilə bağlı digər məsələlər də müzakirə olunacaq. ALP-də qərar qəbul etməyə səlahiyyəti olan qurumun iclası keçiriləcək və kollegial qaydada qərarlar qəbul olunacaq", - partiya sədri deyib.

Əliyev bildirib ki, hər iki partiyanın icra aparatı fəaliyyətini sürətləndirəcək.

"Digər dairələrdən də namizədlərin razılaşdırılması işi davam etdiriləcək. Sentyabrın əvvəllərində seçki blokunun fəaliyyəti ilə bağlı digər işlər də görüləcək", - Əliyev qeyd edib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti