...

Azərbaycanın birinci xanımı Bakının Nərimanov rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən parkla tanış olub

Siyasət Materials 7 Sentyabr 2010 20:10 (UTC +04:00)
Bakının Nərimanov rayonunun Molla Cümə küçəsindəki istirahət parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və tikinti-quraşdırma işlərindən sonra istifadəyə verilib.
Azərbaycanın birinci xanımı Bakının Nərimanov rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən parkla tanış olub

Bakının Nərimanov rayonunun Molla Cümə küçəsindəki istirahət parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və tikinti-quraşdırma işlərindən sonra istifadəyə verilib.

Sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun sülhməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva əsaslı təmirdən sonra istifadəyə verilən parkla tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verib ki, burada paytaxt sakinlərinin, qonaqların istirahəti üçün hər cür şərait yaradılıb. Ərazisi 14 min kvadratmetr olan parkda üç ay müddətində təmir-tikinti işləri aparılıb, on minədək müxtəlif dekorativ ağac və kol, çiçək əkilib, səkkiz min kvadratmetr əraziyə yaşıl zolaq salınıb. Bitki örtüyünün zənginləşdirilməsi, gözəl landşaft kompozisiyalarının yaradılması parka xüsusi yaraşıq verir. Parkda hər cür hava şəraitinə davamlı materialdan hazırlanan rahat oturacaqlar quraşdırılıb. Parkın ərazisinə kərpic formalı beton üzlük daşları döşənib. İstirahət məkanında İtaliyadan gətirilmiş müasir işıqlandırma sistemi quraşdırılıb. Buradakı yeni fəvvarə kompleksi əraziyə xüsusi bir yaraşıq verir. Təmir və tikinti-quraşdırma işləri zamanı balacalar da yaddan çıxarılmayıb. Bu məqsədlə xüsusi attraksionlar quraşdırılıb, idman və əyləncə meydançaları salınıb. Parkın ətrafındakı binalarda da aparılan bərpa işləri ümumi ansambla uyğunlaşdırılıb. İstirahət məkanının ətraf ərazisi abadlaşdırılıb, avtomobil yollarına yeni asfalt döşənib. Səkilərdə müasir işıqlandırma sistemi quraşdırılıb.

Parkda aparılan işlərdən razı qalan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu istirahət məkanının rayon sakinlərinin asudə vaxtının səmərəli təşkili və mənalı dincəlmələrinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Burada görülən işlər bir daha təsdiqləyir ki, paytaxtda yeni park və xiyabanların salınması, mövcud istirahət ocaqlarında abadlaşdırma işlərinin aparılması dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun daim diqqət mərkəzindədir. Bu, ilk növbədə şəhərimizin gözəlləşməsinə, digər tərəfdən paytaxtımızın sakinlərinin və qonaqlarının mənalı istirahətinə geniş imkanlar açır.

Xəbər lenti

Xəbər lenti