Azərbaycanın təhlükəsizliyi və onun inkişafı İran üçün böyük əhəmiyyət daşıyır, bunu İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad çərşənbə günü Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonar mətbuata bəyanatla çıxışında bildirib.
"Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir" Mahmud Əhmədinejad deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Əhmədinejad bildirib ki, bu gün Azərbaycan-İran münasibətləri çox yaxşıdır.
"Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün bizim müştərək baxışlarımız, yanaşmalarımız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Necə ki, mənim əziz qardaşım vurğuladı, ölkələrimizin potensialı mövcud əməkdaşlıqdan qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir" İran Prezidenti çıxışında söyləyib.
Onun sözlərinə görə, bölgə və Xəzər barədə baxışlarımız eynidir.
"Hər ikimiz bu fikirdəyik ki, Xəzər sülh və qardaşlıq dənizidir, hamı Xəzərin sərvətlərindən ədalətli şəkildə bəhrələnməlidir. Azərbaycan və İranın Xəzər dənizində rolu böyük və təyinedicidir. Azərbaycan Respublikasının möhtərəm Prezidentinin rəhbərliyi və təşəbbüsü ilə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. İnanıram ki, Azərbaycan Prezidentinin bacarığı və digər dövlət başçılarının iştirakı ilə bu sahədə çox yaxşı qərarlar qəbul ediləcək, böyük addımlar atılacaqdır.
Beynəlxalq məsələlərdə baxışlarımız tamamilə müştərəkdir. Biz həmişə və bütün təşkilatlarda bir-birimizin yanında olacaq və bir-birimizi dəstəkləyəcəyik. Biz də Qarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq, ədalət və beynəlxalq hüquq çərçivəsində qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq" Əhmədinejad əlavə edib.
Mübarək Qurban bayramı münasibətilə Azərbaycanı və dünya müsəlmanlarını bir daha təbrik edən Mahmud Əhmədinejad Böyük Allaha minnətdardır ki, ilin əziz günündə imkan yaratdı ki, onlar bayramı qardaşları ilə birgə keçirsin.
"Necə ki, qardaşım hörmətli Prezident qeyd etdi - Azərbaycan və İran xalqları iki qardaş xalqdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, iki millətin dini inanclarının dərinliyindən əmələ gəlmişdir. Bu, qardaşlıq bir günlük və keçici deyildir. Bunun dərin kökləri vardır və həmişə də olacaqdır.
Bu gün Allahımıza şükür edirik ki, Azərbaycan qardaşım, hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf mərhələsini yaşayır. Hər gün biz əziz Azərbaycanın inkişafı barəsində yeni-yeni xəbərlər əldə edirik və buna sevinirik. Düşünürəm ki, inkişaf naminə əməkdaşlığımız davam edəcəkdir. Təcrübəmizi paylaşacaq və hər iki millətin xeyrinə bütün imkanlardan istifadə edəcəyik.
Mənim səfərim evimə, qardaşlarımın yanına olan səfərdir. Biz elə hiss edirik ki, qardaşlarımızın arasındayıq və inanırıq ki, azərbaycanlı qardaşlarımız da İrana səfəri zamanı eyni hissləri keçirirlər. Ümidvarıq ki, bu hisslər hər gün dərinləşəcək və güclənəcəkdir. Biz çox səmərəli və faydalı müzakirələr apardıq. Aramızda heç bir fikir ayrılığı və anlaşılmazlıq yoxdur. Bütün ikitərəfli əlaqələr müstəvisində, eləcə də regional və beynəlxalq məsələlərdə fikirlərimiz üst-üstə düşür. Biz iqtisadi, mədəni məsələlərdən tutmuş siyasi, regional və beynəlxalq əməkdaşlıq məsələlərinə qədər bütün məsələləri diqqətlə nəzərdən keçirdik. Əməkdaşlığımız, gələcəkdə birgə işlərimiz üçün çox aydın konturlar cızıldı.
Çox səmimi və mehriban qarşılanmaya görə, əziz qardaşıma təşəkkürümü bildirirəm. İnanıram ki, bu səfər zamanı apardığımız danışıqlar və əldə etdiyimiz anlaşmalar həm ikitərəfli əlaqələrdə, həm regional çərçivədə, həm də beynəlxalq miqyasda iki millətin xeyrinə və mənafeyinə, dünyada sülhə və sabitliyə müsbət töhfələrini verəcəkdir.
Bir daha Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümü bildirirəm və onun əməkdaşlığımızın genişlənməsi üçün bütün təşəbbüslərini dəstəkləyirəm. Bir daha bayramınızı təbrik edirəm. Bu bayram Azərbaycan və İran xalqları, bütün dünya müsəlmanları və dünyanın müstəqil xalqları üçün xeyir-bərəkət, sağlamlıq, rifah gətirəcəkdir. Sizə və möhtərəm cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm" Mahmud Əhmədinejad çıxışında bildirib.