...

Azərbaycan və İtaliya arasında vizaların ləğvinə dair sənəd imzalanıb (FOTO)

Siyasət Materials 7 Dekabr 2010 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və İtaliya arasında vizaların ləğvinə dair sənəd imzalanıb.

Bakıda çərşənbə axşamı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və İtaliyanın xarici işlər nazirinin müavini Alfredo Mantika "Azərbaycan Respublikası Hökuməti və İtaliya Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında saziş" imzalayıblar. Məlumatı XİN-in mətbuat xidməti yayıb.

Sənədlərin imzalanmasından öncə nazir Elmar Məmmədyarov İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantikanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyən nazir Məmmədyarov bunun həm ikitərəfli məsələlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mövcud əməkdaşlıqda öz əyani təzahürünü tapdığını bildirib və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.

Öz növbəsində qonaq səfərinin İtaliya ilə Azərbaycan arasındakı əlaqələri daha da genişləndirəcəyini bildirib və ölkəsinin Azərbaycanla yalnız neft sektorunda deyil, eyni zamanda qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Görüş zamanı tərəflər hər iki ölkənin parlamentləri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib və Avropa İttifaqı çərçivəsində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək, bu xüsusda "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyətini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti