Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alain Quidettini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlətimizin başçısı səfir Alain Quidettinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin Azərbaycana, özünün isə İsveçrəyə səfərini xatırlayaraq bu səfərlərin önəmini qeyd edib və həmin səfərlər zamanı əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparıldığını bildirib. İkitərəfli əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə isveçrəli diplomata təşəkkürünü bildirən dövlətimizin başçısı gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
2008-ci ildə İsveçrə Prezidenti Paskal Kuşpenin iştirakı ilə ölkəsinin Bakıdakı rəsmi nümayəndəliyinin açılışını xatırlayan diplomat Alain Quidetti ötən dörd ilin rəsmi nümayəndəlik üçün uğurlu və məhsuldar başlanğıc olduğunu deyib. O, ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda gedən inkişaf proseslərinin şahidi olmasından məmnun qaldığını bildirib və bu inkişaf proseslərinin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.