Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı şeyx Həməd bin İsa Al Xəlifəni təbrik edib. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir", - təbrikdə deyilir.
İlham Əliyev şeyx Həməd bin İsa Al Xəlifəyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Bəhreyn xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti həmçinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
"Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələr verəcəkdir.
Belə bir əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq və rifah diləyirəm", - təbrik məktubunda deyilir.