...

TürkPA bir illik fəaliyyətinə qiymət verib

Siyasət Materials 23 Dekabr 2010 12:02 (UTC +04:00)
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) bir illik fəaliyyəti qənaətbəxş hesab olunub.
TürkPA bir illik fəaliyyətinə qiymət verib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) bir illik fəaliyyəti qənaətbəxş hesab olunub.

"TürkPA bir il ərzində bir neçə beynəlxalq təşkilata müşahidəçi və üzv qəbul olunub", - Trend-in məlumatına görə, bunu cümə axşamı 2010-cu ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.

TürkPA Beynəlxalq Parlamentlər İttifaqına müşahidəçi qismində qəbul olunub. Həsənovun özü Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiyasiyasına üzv qəbul olunub.

"Gələcəkdə TürkPA bütün türkdilli dövlətlərin ortaq qurumuna çevrilə bilər. Gələcəkdə TürkPA-ya üzv dövlətlər ədliyyə, hüquq, gömrük sahəsində ortaq qərar qəbul edə bilərlər", - Həsənov əlavə edib.

Baş katib TürkPA-ya qonşu dövlətlərin parlamentlərinin qonaq, müşahidəçi, dost qismində üzv qəbul edilməsini istisna etməyib.

"Artıq belə müraciətlər var və gələn il bu müraciətlərə baxılacaq, müvafiq qərarlar qəbul olunacaq", - Həsənov söyləyib.

Onun sözlərinə görə, TürkPA-nın əlaqələrinin qurulması bir neçə istiqamətdə aparılır: yeni əlaqələrin qurulması, qurulmuş əlaqələrin inkişaf etdirilməsi, əlaqə qurulan təşkilatların tədbirlərində və layihələrində yaxından iştirak etmək, beynəlxalq qurumlarda müşahidəçi, qonaq statusu almaq.

Həsənov deyib ki, TürkPA-nın gələn il ikinci plenar iclası keçiriləcək. İclasın tarixi ilə bağlı Astanada Qazaxıstan Parlamenti ilə danışıqlar gedir.

Baş katib TürkPA-nın plenar iclasının apreldə keçirilməsini istisna etməyib.

Onun sözlərinə görə, Türkmənistan Parlamentinin sədri də bu iclasda iştirak edəcək.

"İclasda 3 daimi komitə - humanitar və sosial məsələlər komitəsi; ticarət, iqtisadi və enerji məsələləri daimi komitəsi; hüquq, beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komitəsi yaradılacaq", - Həsənov qeyd edib.

TürkPA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti