...

Azərbaycanın müsbət münasibəti olmadan bölgədə heç bir layihə, heç bir təşəbbüs həll edilə bilməz - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB - 2) (FOTO)

Siyasət Materials 25 Dekabr 2010 01:37 (UTC +04:00)
Dekabrın 24-də Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbəsində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan hər biri doqquzmərtəbəli, 81 mənzilli yaşayış binaları istifadəyə verilib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanın müsbət münasibəti olmadan bölgədə heç bir layihə, heç bir təşəbbüs həll edilə bilməz - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB - 2) (FOTO)

Ölkə başçısının nitqi əlavə olunub

Dekabrın 24-də Bakının Sabunçu rayonunun Zabrat, Xəzər rayonunun Pirallahı qəsəbəsində, həmçinin Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan hər biri doqquzmərtəbəli, 81 mənzilli yaşayış binaları istifadəyə verilib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Zabrat qəsəbəsindəki binanın açılış mərasimində iştirak ediblər.

Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim edildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva binadakı mənzillərdə yaradılmış şəraitlə tanış oldular.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verdi ki, son illərdə ölkəmizin iqtisadi həyatında mühüm nailiyyətlərin əldə edilməsi ilə yanaşı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidentinin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir, dövlət siyasətində mühüm yer tutur. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Zabrat qəsəbəsində inşa olunan doqquzmərtəbəli, 81 mənzilli yeni yaşayış binası da bu sırada mühüm yer tutur.

Qeyd edildi ki, əlil və şəhid ailələrinə 2008-ci ildə 2007-ci illə müqayisədə 2,3 dəfə çox, yəni 396 mənzil verilmişdir. 2009-cu ildə bu təbəqədən olan insanlar üçün bundan təxminən 2 dəfə çox, yəni 707 mənzilin inşası başa çatdırılmışdır. Ümumilikdə, indiyədək 3 min 500-dən çox əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Bu ilin tikinti planına əsasən əlil və şəhid ailələri üçün 715 mənzil, o cümlədən 200 fərdi ev tikilmişdir. Xəzər rayonunun Pirallahı qəsəbəsində inşa olunan, ümumi sahəsi 11 min 814 kvadratmetr olan doqquzmərtəbəli binanın 81 mənzilindən 72-si ikiotaqlı, qalan 9 mənzil isə üçotaqlıdır.

Vurğulandı ki, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində inşa olunmuş binada da eyni şərait yaradılmışdır. Ümumi sahəsi 11 min 440 kvadratmetr olan binadakı mənzillərdən 63-ü ikiotaqlı, 18-i isə üçotaqlıdır. Əlil və şəhid ailələri üçün mənzillərin inşasında müsbət dinamikanın qorunub saxlanması, nəticədə növbədə olan əlil və şəhid ailələrinin yeni müasir mənzillərlə təminatının tam başa çatdırılması ilə bağlı dövlətimizin başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər uğurla davam etdirilir. Ötən il Hövsanda və Xırdalanda, bu ilin əvvəlində isə Lökbatan qəsəbəsində doqquzmərtəbəli binalar istifadəyə verilmişdir.

Bununla yanaşı, Qarabağ və Böyük Vətən Müharibəsi veteranlarının avtomobillərlə təmin olunması da diqqətdə saxlanılmışdır. 1998-2009-cu illərdə 2 min 114 "Oka" markalı avtomobil sahiblərinə təqdim olunmuşdur. Ötən il müharibə veteranlarına 500, bu il isə 350 minik avtomaşını verilmişdir.

Bildirildi ki, əlillərin rifah halının, tibbi sosial reabilitasiyasının, pensiya təminatının yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülmüşdür. Son illərdə Naftalan, Yevlax və Xaçmazda əlillərin regional bərpa mərkəzləri istifadəyə verilmişdir. Hazırda nazirliyin əlillər üçün 14 regional bərpa mərkəzi fəaliyyət göstərir ki, onlarda da bu ilin ötən dövründə 7 mindən çox insan müalicə olunmuşdur.

Binanın texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verilərkən qeyd olundu ki, inşasına 2008-ci ilin dekabrında başlanmış binanın ümumi sahəsi 11 min 814 kvadratmetrdir. Binada 81 mənzil vardır ki, onlardan 72-si ikiotaqlı, 9-u üçotaqlıdır. Burada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait vardır. Sakinlərin internetdən rahat istifadə etmələri, həmçinin kommunal ödəmələrini həyata keçirmələri üçün xüsusi terminallar quraşdırılmışdır. Mənzillərin tərtibatında yeni müasir dizayn elementlərindən istifadə olunmuş və onlar müasir mebel dəstləri ilə təmin edilmişlər.

Bildirildi ki, bu gün yeni mənzillərlə yanaşı, "Slavutiç" markalı 240 avtomobil də müharibə veteranlarına təqdim ediləcəkdir. İndiyədək isə veteranlara 2 min 940 minik avtomobili verilmişdir.

Məlumat verildi ki, yaradılan videobağlantı vasitəsilə Xəzər rayonunun Pirallahı qəsəbəsində və Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində inşa olunmuş binaların sakinləri də mərasimi izləmək və dövlətimizin başçısına müraciət etmək imkanı qazanmışlar.

Sonra Prezident İlham Əliyev yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.

Qarabağ müharibəsi əlili Elxan Mirzəyev onlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Videobağlantı vasitəsilə Xəzər rayonunun Pirallahı qəsəbəsindən mərasimə qatılan Zadiq Mustafayev Azərbaycan hərbçilərinin əməyinə verdiyi qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Yasamal rayonundan mərasimə videobağlantı vasitəsilə qoşulan Zahid Niftəliyev isə ordunun və gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkürlərini çatdırdı.

Prezident İlham Əliyev yeni mənzil alan sakinləri təbrik etdi.

"Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram, sizi bu gözəl evlərin istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu gün doğrudan da, ölkəmizdə çox böyük hadisə baş verir. Bir gündə doqquzmərtəbəli üç bina bizim qardaş-bacılarımıza təqdim edilir. Bu hadisə onu təsdiq edir ki, Azərbaycan dövləti ehtiyacda olanlara həmişə öz qayğısını göstərəcəkdir. Xüsusilə müharibədə sağlamlığını, öz yaxınlarını itirmiş insanlara Azərbaycan dövləti həmişə böyük qayğı göstərmişdir və bu gün də bu siyasət davam etdirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, son illərdə 3 mindən artıq mənzil paylanmışdır. Bu il 700-dən çox mənzil verilmişdir. Növbəti 3-4 ildə, əminəm ki, hazırda növbədə dayanan bütün vətəndaşlar ən yüksək səviyyədə tikilmiş mənzillərlə təmin olunacaqlar. Bununla bərabər, bu gün 200-dən çox avtomobil də paylanılır. Bu, artıq gözəl ənənəyə çevrilibdir. Mindən çox, bəlkə də iki minə yaxın avtomaşın artıq soydaşlarımıza verilmişdir.
Bütün bunları ona görə edirik ki, siz buna layiqsiniz. Azərbaycan dövləti sizin xidmətlərinizi layiqincə qiymətləndirir. Apardığımız güclü sosial siyasət özünü bax bu gözəl əməllərdə göstərir. Sosial siyasətin əsas mahiyyəti və mənası ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Xüsusilə dövlət və Vətən qarşısında xidməti olan vətəndaşlar dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir. Bunu etmək üçün əlbəttə ki, dövlətdə maddi imkanlar olmalıdır. Biz bu imkanları yaradırıq. Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi siyasət, artan maddi imkanlarımız bu vəziyyəti yaratmışdır. Əgər bu olmasaydı, nə qədər istəsək də bu binaları tikə bilməzdik. Bu, böyük vəsait tələb edən layihələrdir, xüsusilə deyə bilərəm ki, çox böyük zövqlə və keyfiyyətlə tikilmiş mənzillərdir", İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Azərbaycanın inkişafı, bölgədəki mövqelərinin möhkəmlənməsi artıq reallıqdır. "Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Azərbaycanın iqtisadi perspektivləri çox gözəldir. Belə olan halda bütün imkanlarımızı səfərbər edib Azərbaycanda çox güclü sosial siyasətin aparılmasına yönəldirik. Sosial siyasət təkcə bu gözəl açılışlarla məhdudlaşmır. Ünvanlı sosial yardım göstərilir, ölkəmizdə məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır. Yəni, biz çalışırıq ki, Azərbaycan cəmiyyətində dünyanın ən qabaqcıl meyarları tətbiq olunsun. Biz buna layiqik və bunu etməyə qadirik", dövlər başçısı qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın iqtisadi potensialı artıq dünya birliyində də qiymətləndirilir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər. "Azərbaycan bütün reytinqlərdə qabaqcıl yerlərdədir. Əlbəttə ki, bu, bizi daha da ruhlandırır. Biz gələcək fəaliyyətimizdə də bu əsas iki amili həmişə diqqətdə saxlayacağıq: güclü iqtisadiyyat və güclü sosial siyasət. Sosial siyasət elə olmalıdır ki, Azərbaycan vətəndaşları ondan bəhrələnsinlər.
Əlbəttə ki, bu gün üç gözəl binanın istifadəyə verilməsi, əslində Azərbaycanın inkişaf yolunu göstərir. Biz bunu edə bilirik, biz bunu edirik, bizim siyasətimiz bundan ibarətdir. Dediyim kimi, növbədə dayanan bütün müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri növbəti illərdə evlərlə, mənzillərlə təmin ediləcəklər", İlham Əliyev nitqində deyib.

Prezident qeyd edib ki, Azərbaycan eyni zamanda ordusunu gücləndirir. "Biz ordu quruculuğuna çox böyük diqqət göstəririk, çox böyük maliyyə vəsaiti ayrılır. Ordumuz bu bölgədə ən qüdrətli, ən güclü ordudur və ordu quruculuğuna yetirilən diqqət özünü göstərir. Torpaqlarımız uzun illərdir ki, işğal altındadır. Biz erməni işğalına məruz qalmışıq. 1990-cı illərin əvvəllərində Ermənistan və onun xaricdəki havadarları Azərbaycanda qeyri-sabit vəziyyətdən, hərc-mərclikdən istifadə edərək torpaqlarımızın bir hissəsini zəbt edib. Əlbəttə ki, bu gün bunu təsəvvür etmək mümkün deyildir. Bu gün Azərbaycan ən qüdrətli hərbi potensiala malikdir. Bu gün bizim həm iqtisadi, həm siyasi, həm hərbi potensialımız Ermənistanla müqayisəedilməz səviyyədədir. Ancaq 1990-cı illərin əvvəllərində, bir daha demək istəyirəm ki, Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib erməni işğalçıları torpaqlarımızı işğal ediblər.
Biz çalışırıq ki, bu məsələni danışıqlar yolu ilə həll edək. Ancaq siz görürsünüz ki, bu hələ mümkün deyildir. Belə olan halda, əlbəttə ki, biz bütün başqa variantlara da hazır olmalıyıq. Ordu quruculuğuna ayrılan vəsait, görülən tədbirlər, orduda peşəkarlığın artırılması, mütəmadi qaydada təlimlərin keçirilməsi, yeni silah-sursat, texnikanın alınması və Azərbaycanda istehsal olunmasının məqsədi ondan ibarətdir ki, əgər danışıqlar nəticə verməsə, torpaqlarımız hərbi yolla azad olunmalıdır. Bu reallıqdır və ölkə qarşısında duran bu ən ağrılı, ən çətin problem həllini tapmalıdır", İlham Əliyev deyib.

Dövlət başçısının fikrincə, atəşkəs dövründə Azərbaycan böyük və uğurlu yol keçib. "Əgər 1990-cı illərin əvvəllərində Ermənistanla Azərbaycan arasında iqtisadi, yaxud da, hərbi sahədə tarazlıq mövcud idisə, bu gün artıq çoxdandır ki, biz bu tarazlığı pozmuşuq. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 75 faizini təşkil edir. Azərbaycanda yaranmış maliyyə imkanları bizə imkan verir ki, istənilən məsələni öz xeyrimizə həll edək. Ermənistan tərəfi, əlbəttə ki, bu reallıqları dərk edir, başa düşür və hesablaşmalıdır. Təsadüfi deyil ki, son aylar ərzində onların isterik hərəkətləri ona gətirib çıxarıb ki, onların qorxu içində olması artıq bütün dünyaya bəllidir. Bu həqiqətdir və nə qədər ki, Azərbaycan torpaqları işğal altında qalacaq, Ermənistan o qədər qorxu içində yaşayacaqdır. Heç kim istəməz ki, onun qonşusu ona qarşı pis niyyətdə olsun. Amma bizim başqa seçimimiz yoxdur. Əgər Ermənistan öz xoşu ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə Azərbaycan torpaqlarından qüvvələrini geri çəksə, o zaman bölgədə sülh və əmin-amanlıq yaranacaqdır. Nə vaxta qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistan və onun rəhbərləri bilməlidirlər ki, Azərbaycan xalqı istənilən anda öz ərazisində istənilən hərbi əməliyyatı keçirə bilər. Bu imkanları bizə beynəlxalq hüquq normaları yaradır", Prezident vurğulayıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın imkanları gündən-günə artır və gələcəkdə daha da artacaqdır. "Azərbaycan artıq güclü regional dövlətdir. Azərbaycanla hesablaşmamaq mümkün deyildir. Bizim iştirakımız, yaxud da ki, müsbət münasibətimiz olmadan bu bölgədə istər siyasi, istərsə də iqtisadi və başqa heç bir layihə, heç bir təşəbbüs həll edilə bilməz. Bu reallığı biz yaratmışıq, Azərbaycan xalqı yaradıbdır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir. Çünki çox yaxşı bilirik ki, bizi nələr gözləyir. Bizim gələcəyimizin təməli bax, bu illərdə qurulur. Bu gün görülən işlər, iqtisadiyyata qoyulan investisiyalar, neft-qaz, infrastruktur layihələri gələcəyə yönəldilibdir. Azərbaycan xalqının uzunmüddətli, uğurlu, dayanıqlı inkişafının təməli bu günlərdə qoyulubdur. Bu möhkəm təməl üzərində ölkəmiz daha da güclənəcək və qarşımızda duran bütün vəzifələr həllini tapacaqdır", İlham Əliyev deyib.

Onun sözlərinə görə, 2010-cu il də ölkəmiz üçün uğurlu il olmuşdur. "Bu gün artıq ilin yekunları haqqında da danışmaq mümkündür. Çox sevindirici haldır ki, 2010-cu il də ölkəmiz üçün uğurlu il olmuşdur. Həm iqtisadi inkişaf, həm sosial məsələlərin həlli və həm də yoxsulluğun azaldılması baxımından, qarşıda duran bütün vəzifələr icra edildi. Baxmayaraq ki, 2010-cu il bizim üçün o qədər də yaxşı başlamamışdı. Bilirsiniz ki, təbii fəlakətlə üzləşmişdik, iqtisadi böhran öz mənfi nəticələrini göstərməyə davam etmişdi. Buna baxmayaraq, biz bütün sınaqlardan şərəflə çıxdıq, 2010-cu ili uğurla başa vururuq və 2011-ci il üçün artıq konkret proqramlarımız və iş cədvəlimiz vardır.
O ki qaldı sosial məsələlərə, bir daha demək istəyirəm, bu gözəl siyasət bundan sonra da davam etdiriləcəkdir. Qarşıya vəzifə qoyuldu ki, növbədə dayanan bütün vətəndaşlar bir neçə il ərzində keyfiyyətli mənzillərlə təmin olunsunlar. Beləliklə, Azərbaycan dövləti sizin şəraitinizin yaxşılaşdırılması üçün töhfəsini verir və verəcəkdir.
Mən demək istəyirəm ki, bu gün qeyd etdiyiniz kimi, mənim ad günümdür və təbriklərə görə sizə təşəkkür edirəm. Mənim üçün bu gündə ən gözəl hədiyyə, bax, bugünkü açılışdır və sizin sevincinizdir, sizin təbəssümlərinizdir. Ən böyük sevinc mənə budur. Bir daha sizi təbrik edirəm", Prezident İlham Əliyev deyib.

Sonra Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya əlillər və şəhid ailələri üçün ərazidə tikiləcək yeni yaşayış kompleksinin maketi təqdim olundu.

Bildirildi ki, yaxın gələcəkdə burada doqquzmərtəbəli, 243 mənzilli binalardan ibarət yeni kompleksin inşasına başlanacaqdır.

Dövlətimizin başçısı yeni binanın təməlini qoydu.

Prezident İlham Əliyev kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti