...

Müsavat Partiyasında baş verən istefalar partiya rəhbərliyinin kiçik ambisiyalarının nəticəsidir – VİP sədri Əli Əliyev

Siyasət Materials 6 Yanvar 2011 14:46 (UTC +04:00)
Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Müsavat Partiyasında baş verən istefalar partiya rəhbərliyinin kiçik ambisiyalarının nəticəsidir.
Müsavat Partiyasında baş verən istefalar partiya rəhbərliyinin kiçik ambisiyalarının nəticəsidir – VİP sədri Əli Əliyev

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri hesab edir ki, Müsavat Partiyasında baş verən istefalar partiya rəhbərliyinin kiçik ambisiyalarının nəticəsidir.

"Bu gün Müsavat Partiyasında baş verən hadisələrin subyektiv kökləri var. Obyektiv siyasi proseslərdən məhrum olmuş siyasi liderlər böyük siyasi perspektivlər olmadıqda kiçik uğurların reallaşdırılması ilə məşğul olmağa başlayırlar. Nəticədə partiya onların monopolyasına keçir və fərqli fikrin, obyektiv mövqeyin olmaması kimi halların şahidi oluruq", - VİP sədri Əli Əliyev cümə axşamı Trend-ə bildirib.

Son dövrlər Azərbaycanın müxalif Müsavat Partiyasının dörd funksioneri - Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla və Qabil Hüseynli partiyadan istefa verib.

Əliyev hesab edir ki, partiyadan qopmaların kökündə Müsavat başqanı İsa Qəmbərin ambisiyaları dayanır.

"2009-cu ilin sonrlarında "başqanlıqdan gedəcəyəm" bəyanatını verən İsa Qəmbər hazırda bu məsələ ilə bağlı mövqeyini dəyişib. İndi öz bəyanatının arxasından qaçmağa cəhd edir. Bir müddət öncə digər partiya ilə birləşmə məsələsinə müsbət fikir bildirən şəxs indi həmin bəyanatların arxasında durmaq üçün özündə güc tapmır. Bu cür subyektiv proseslər və partiyanı öz şəxsi nəzarəti altındakı qrupun nəzarətində saxlamaq marağı Müsavat Partiyasında baş verən proseslərin subyektiv amilləridir", - Əliyev vurğulayıb.

VİP sədri bildirib ki, Müsavatda baş verən proseslər ümumilikdə müxalifətə də təsirsiz ötüşməyəcək.

"Bu proses bütövlükdə Azərbaycan müxalifətinə mənfi təsir göstərir. Lakin həmin şəxslərin vətəndaşlıq mövqeyindən irəli gələn "biz müxalifət düşərgəsini tərk etmirik" bəyanatı da müsbət qarşılanmalıdır. Əgər müxalifət ayrı-ayrı təşkilatlar kimi yox, bütövlükdə düşərgə olaraq proseslərə obyektiv münasibət bəsləməsə, vəziyyəti təhlil etməsə,özündən asılı olan çatışmazlıqları aradan qaldırmasa, yaxın gələcəkdə perspektiv olmayacaq. Müxalifət bütövlükdə silkələnməlidir və yenidən təşkilatlanmalıdır. Daha düzgün ideologiya ilə silahlanmalıdır və nəticədə ölkədə ikiqütblü siyasi düşərgənin formalaşmasına təkan verməlidir. Belə olmasa, Azərbaycan cəmiyyəti müxtəlif siyasi liderlərin korporativ oyunlarının qurbanına çevrilməklə yanaşı, həm də bu cür proseslərin müşahidəçisi olacaq", - Əliyev deyib.

Müsavatın Məclis sədri Arzu Səmədbəyli Trend-ə açıqlamasında bildirib ki, Əli Əliyevin bu cür fikirləri İsa Qəmbərə və Müsavat Partiyasına qərəzdən doğan mövqedir.

"Hərə bir cür fikirləşə bilər. Qərəzli olanlar da bu cür fikirləşirlər. Müsavat Partiyasına qərəzdən doğan və bu partiyanın parçalanmasını, bölünməsini istəyən insanların özlərinin düşüncələridir. Qoy düşünsünlər və bu cür fikirləri yaysınlar. Bunun İsa Qəmbərə və Müsavata heç bir dəxli yoxdur və biz öz fəaliyyətimizi davam etdiririk", - Səmədbəyli əlavə edib.

Xəbər lenti

Xəbər lenti