...

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 32-ci cildi çapdan çıxıb

Siyasət Materials 10 Yanvar 2011 16:10 (UTC +04:00)
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 32-ci cildi çapdan çıxıb
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 32-ci cildi çapdan çıxıb

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin 32-ci cildi çapdan çıxıb.

Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin geniş və dərin siyasi fəaliyyətini rəsmi sənədlərdə əks etdirən çoxcildliyin oxuculara təqdim edilən növbəti cildində Azərbaycanda səfərdə olmuş beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərə, danışıqlara dair materiallar, həmçinin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərin inkişafını əks etdirən Bakı Bəyannaməsi verilmişdir.

Bunlardan əlavə, kitabda ulu öndərin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə danışıqları, Böyük Britaniyanın "Kaspian" jurnalının baş redaktoru Ceyms Millerlə müsahibəsi, Fransaya səfəri zamanı türkiyəli jurnalistlərlə söhbəti, Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə görüşlərindəki nitqləri cəmlənmişdir.
Kitabda ulu öndər Heydər Əliyevin 2001-ci ilin yanvarından martınadək olan dövrdə çıxışları nitqləri, bəyanatları, məktubları, müsahibələri, məruzələri, müraciətləri, fərmanları təqdim edilmişdir.

Yeni cilddə Azərbaycan Prezidentinin Fransa və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi görüşlər, prezidentlərin mətbuat konfransları haqqında maraqlı materiallar əksini tapmışdır. Kitabda diqqətçəkən məqamlardan biri də ümummilli lider Heydər Əliyevin jurnalistlərin münaqişə ilə bağlı verdiyi suallara cavablarında ölkəmizin maraqlarını qətiyyətlə müdafiə etməsidir.

Ulu öndər Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul edilməsi kimi tarixi əhəmiyyətli hadisə ilə əlaqədar təntənəli mərasimdəki nitqində bu hadisənin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq demişdir: "Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur". Ümummilli lider Avropa Şurası Parlament Assambleyasında da çıxışı zamanı Azərbaycanın, ümumən Cənubi Qafqaz ölkələrinin bu quruma daxil olmasını çox mühüm amil kimi qiymətləndirərək bunun regionda münaqişələrə son qoyulmasına, Avropada təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyinə diqqəti çəkmişdir.

Bundan əlavə, kitabda ümummilli liderin Milli Məclisin növbəti iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə aid məsələnin müzakirəsi zamanı söylədiyi nitq də böyük maraq doğurur. Həmçinin ulu öndərin Azərbaycan gəncləri günü münasibətilə gənclərlə görüşdə geniş nitqi də yeni cilddə əksini tapmışdır.

AzərTAc-ın materialları əsasında hazırlanmış və "Azərnəşr" nəşriyyatı tərəfindən çap olunan çoxcildliyin bu cildində də "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" verilmişdir.

Xəbər lenti

Xəbər lenti