Azərbaycan, Bakı, 10 may /Trend, müxbir S.Ağayeva/
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında Azərbaycanı təmsil edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.
Avropa Şurasına 47 üzv ölkənin XİN rəhbərləri mayın 11-də İstanbulda bir araya gələcəklər. Bu görüş çərçivəsində mayın 10-da Nazirlər Komitəsinin sədri, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu işgüzar şam yeməyi verəcək. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Sessiyadan qabaq qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və aradan qaldırılması haqqında AŞ-nin yeni Konvensiyasının imzalanması keçiriləcək.
Nazirlər Komitəsinin iclası Davudoğlunun sədrliyi altında keçiriləcək. Gündəliyə aşağıdakı məsələlər daxil edilib: Avropa Şurası:dəyərlər uğrunda mübarizənin strategiyası - baş katibin hesabat məruzəsi; İnsan haqları haqqında Avropa Konvensiyası; "ХХI əsrdə birlikdə Avropada yaşayaq" - görkəmli xadimlər qrupunun məruzəsi; Avropa Şurası qonşuluq siyasəti.
Sessiyanın sonunda Türkiyə növbəti altı ay ərzində Nazirlər Komitəsinə sədrliyi Ukraynaya verəcək. Əhməd Davudoğlu altı ay ərzində görülən işlərlə bağlı hesbatla çıxış edəcək, Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko isə öz ölkəsinin sədrliyinin prioritetlərini təqdim edəcək.