Azərbaycan, Bakı, 12 may /Trend/
İran neft-qaz resurslarına görə dünyanın üçüncü-dördüncü dövləti olsa da, ÜDM-in adambaşına düşən payına görə dünya dövlətləri siyahısında ikinci yüzlüyün astanasındadır. İranı tanıyan bütün insanlara sirr deyil ki, İslam Respublikasının blef siyasəti əndazəni aşıb. Bunu cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib.
"İranda sosial-iqtisadi vəziyyətin ağır olduğunu həm hakimiyyətin, həm də əhalinin davranışı sübut edir. İran və Azərbaycanda islamın cəfəri məzhəbinin inancına görə, on ikinci imam zamanın sahibi olmaqla yanaşı, həm də xilaskardır. Bu inanca görə, məmləkətdə ədalətsizlik artıb əndazəni aşanda Mehdi Sahib əz-Zaman (ə.) xilaskar obrazında zühur edəcəkdir. İranın əhalisinin sosial tarixinin ən mühüm məziyyətlərindən biri də bununla bağlıdır. Əhaliyə zülm olunduqca, ədalətsizlik artdıqca əhali Mehdi Sahib əz-Zamanın (ə.) intizarına düşür. Yeri gəlmişkən, Bəhailik də İranda məhz belə fonda yarandı. İndi İranda əhalinin böyük bir qismi Mehdi Sahib əz-Zaman intizarındadır. Başqa sözlə, əhali öz güzəranından və hakimiyyətdən narazıdır", - Əhmədoğlu deyib.
Politoloqun fikrincə, dini liderin davranışı da ölkənin iqtisadi vəziyyətinin pis olduğunu göstərir.
"Hakimiyyət şah dövründən qalmış güzəştləri ləğv etdi. Ona görə, dini lider 2011-ci ili İranda "iqtisadi cihad" ili elan etdi. Yəni bütün İran müsəlmanlarının özlərinin və dövlətin iqtisadiyyatının gücləndirilməsi ilə məşğul olması dini hökmdür", - Əhmədoğlu əlavə edib.
Politoloqun sözlərinə görə, ali dini liderin bu fətvasından sonra İranda çörəyin və digər zəruri məhsulların qiyməti qalxıb, hakimiyyətdaxili ziddiyyət ən kəskin həddə çatıb, İran Ermənistana iqtisadi dəstəyini artırıb.
"Novruz şənliklərində İrandan Ermənistana gedən turistlərin 20 milyon dollar pul xərcləyəcəyi proqnozlaşdırıldığı halda, Ermənistan rəsmilərinin yaydığı məlumata görə, iranlılar Ermənistan büdcəsinə 40 milyon dollar pul "töküblər". Təbriz-Yerevan avtomobil yolunun tikintisinin maliyyələşdirilməsinə İran tərəfi 60 milyon dollar qrant ayırdı. Kişdə iqtisadi turizm tədbirlərinin təşkili üçün İran Ermənistana prioritet mövqe ayırdı. Hesablamalara görə, İran ərazisindəki iqtisadi turizm tədbirlərində Ermənistanın qazancı 20 milyon dollara qədər olacaq. 2011-ci ildə də davam edəcək "qaz əvəzinə elektrik enerjisi" layihəsi çərçivəsində İran Ermənistana 200 milyon dollar qazanc verir. İran Ermənistanı dünya okeanına çıxartmaqla bu ölkə qarşısında 4 milyard dollarlıq layihəni icra etmək öhdəliyi götürür. Eləcə də İran Ermənistana hərbi yardımlar edəcək", - Əhmədoğlu əlavə edib.
O qeyd edib ki, görünür, İran Ermənistanın işğal etdiyi ərazilərin hərbi cəhətdən möhkəmləndirilməsinə yardım edəcək.
"Çünki Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının işğalından 17 ilin keçməsinə baxmayaraq, Ermənistan o ərazilərdə heç bir hərbi istehkamlar qurmayıb. Bu, bir tərəfdən Ermənistanın iqtisadi imkansızlığı ilə bağlıdırsa, digər tərəfdən Ermənistanın İrana tam inanması ilə əlaqəlidir. Ermənistanda başa düşürlər ki, İranın Azərbaycan Respublikasına nifrəti Ermənistanın Azərbaycana nifrətindən daha çoxdur. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsinin ləzzətini alır. Məhz bu faktora görə, İran Ermənistana 2010-cu ilədək ildə təxminən 40-50 milyon dollara yaxın vəsait ayırırdısa, ali dini liderin "iqtisadi cihad"ından sonra bu rəqəm ildə 180-200 milyon dollar hüdudlarındadır. Ona görə də, düşünmək olar ki, dini liderin elan etdiyi "iqtisadi cihad" İran xalqı üçün yox, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan üçün nəzərdə tutulub", - Əhmədoğlu deyib.