İran, Tehran, 28 iyun /Trend, müxbirlər R.Hafizoğlu, T.Cəfərov/
İran parlamentinin spikeri Əli Laricaninin iyunun 30-da Azərbaycana səfəri öncəsi Trend-ə müsahibəsi
- Azərbaycan və İran parlamentlərarası əməkdaşlığını necə qiymətləndirirsiniz? İki ölkə parlamentləri arasında əməkdaşlığın inkişafı üçün hansısa proqramınız varmı? Sizin Azərbaycana səfərinizdə iki ölkə arasında hansısa əməkdaşlıq sazişi imzalanacaqmı və Siz Azərbaycanla ikitərəfli əlaqələri daha çox hansı sahələrdə inkişaf etdirməyi düşünürsünüz?
- İlk növbədə onu deməliyəm ki, Azərbaycan və İran arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycan bizimlə qonşu ölkədir, müsəlman və qardaş ölkədir. İranla Azərbaycan arasında çox dərin köklərə söykənən tarixi bağlılıqlar var. Bu baxımdan iki ölkənin əlaqələri müxtəlif sahələrdə yüksək səviyyədədir. Xoşbəxtlikdən son illərdə iki ölkənin siyasi, iqtisadi, mədəni və ictimai əlaqələrinin inkişafı üçün diplomatik danışıqlar aparılır və əlaqələr daha da inkişaf etdirilir.
İki ölkənin parlamentlərarası əlaqələrinə gəldikdə, parlamentlərarası dostluq qrupu təşkil olunub, onlar daim bir-biri ilə əlaqə saxlayır, müzakirələr aparırlar. Biz də beynəlxalq arenada azərbaycanlı dostlarımızla görüşürük, danışıqlar aparırıq. Parlamentlərarası əlaqələrimiz qənaətbəxşdir, lakin bu əlaqələri daha da yaxşılaşdıra, təcrübə mübadiləsi apara bilərik.
İki ölkə parlamenti bəzi müştərək qanunlar qəbul edə bilər ki, bu qanunlar sayəsində ölkə investorlarına sərmayə yatırmaq üçün daha da yaxşı şərait yaratmaq olar. Biz bunları etməklə iki ölkə parlamentləri arasında qanunvericilik sahəsində əməkdaşlığı artıra bilərik.
Əməkdaşlıq edə biləcəyimiz digər sahə beynəlxalq parlamentlərarası birliklərdir. Hər iki ölkə İKT Parlamentlərarası İttifaqına və Beynəlxalq Parlamentlər İttifaqına üzvdür. Beynəlxalq parlamentlərarası birliklərdə bir çox məsələləri, o cümlədən müsəlman ölkələrindəki vəziyyəti, beynəlxalq, eyni zamanda, iki ölkəni maraqlandıran məsələləri müzakirə edə bilərik.
Əməkdaşlıq edə biləcəyimiz üçüncü sahə isə bundan ibarətdir ki, hər iki ölkənin parlamenti dövlətlərarası əhəmiyyətli layihələrin həyata keçirilməsinə dəstək versinlər. Hər iki ölkənin parlamentindəki mövcud potensial dövlətlərarası iqtisadi, siyasi və ictimai layihələrin həyata keçirilməsinə kömək edə bilər. Bəzi əhəmiyyətli məsələlər də var ki, siyasi müstəvidə müzakirə olunmalıdır. Bu, regional və iki ölkəni maraqlandıran məsələlərdir ki, Azərbaycana səfərim zamanı bu sahədə danışıqlar aparacağam.
İran və Azərbaycan parlamentləri arasında bəzi əməkdaşlıq müqavilələri mövcuddur. Səfərim zamanı Azərbaycan tərəfini maraqlandıran sahələrdə müqavilələr imzalaya bilərik.
- İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu bəyan edib. İran münaqişənin həllinə hansı töhfələrini verə bilər?
- Biz əvvəllər də demişik və indi də təkrar edirik ki, regiondakı münaqişələr region daxilində danışıqların aparılması ilə həll edilməlidir. Təcrübə də göstərir ki, böyük ölkələrin regional münaqişələrə müdaxiləsi olanda həmin münaqişə uzanır. Onlar bu məsələdə öz mənafelərini güdürlər.
ATƏT-in Minsk qrupu neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparır. İndiyə kimi hansı nəticə əldə edilib? Onlar məsələnin həllinə necə yanaşıblar? Bu baxımdan biz əsaslı olaraq düşünürük ki, belə münaqişələrin həlli ilə bağlı danışıqlar region daxilində daha yaxşı aparıla bilər, çünki region ölkələri bir-birilərini daha yaxşı anlaya, dərk edə bilirlər.
Hesab edirəm ki, hökmən həm ərazi bütövlüyünün təmin olunması nəzərə alınmalıdır, həm də müzakirələr region daxilində aparılmalıdır.
- Siz bundan əvvəl "5+1" ölkələri ilə müzakirələrdə İranın rəsmi nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi olmusunuz. Siz İranın nüvə proqramı ilə bağlı İran və Qərb ölkələri arasındakı əlaqələrdə "düyün"ü nədə görürsünüz və müzakirələr hansı sahədə və hansı şərtlər əsasında aparılmalıdır ki, nəticə əldə olunsun?
- İranın nüvə fəaliyyəti proqramında öz-özlüyündə heç bir düyün yoxdur. Ona görə ki, sülhyönlü nüvə fəaliyyəti üçün xüsusi hüquqi sistem mövcuddur ki, bu sistemi Beynəlxalq Atom Enerjisi Agentliyi hazırlayır. NPT müqaviləsinə üzv olan ölkələr bu sistemin nəzarəti altında fəaliyyət göstərirlər. BAEA-ya üzv ölkə həm bu təşkilat tərəfindən sülhyönlü nüvə fəaliyyəti sahəsində dəstəklənməlidir, həm də əgər yardıma ehtiyacı varsa, həmin ölkəyə yardım göstərilməlidir.
Fikrimcə, İranın sülhyönlü nüvə fəaliyyəti ilə bağlı müzakirələrdə mövcud problem budur ki, ABŞ və Qərb ölkələri İrana qarşı "məhrumetmə" siyasətindən istifadə edir. ABŞ və Qərb ölkələri istəyirlər ki, müsəlman ölkəsində nüvə texnologiyası sahəsində bilik olmasın. Onlar nüvə texnologiyasını öz əllərində saxlamaq istəyirlər. Mədən yanacaqları bir gün tükənəcək, elə buna görə də onlar sonrakı bir neçə onilliyi düşünürlər. Mədən yanacaqları tükəndikdən sonra müsəlman ölkələrinin onlara möhtac olmasını istəyirlər. Ona görə də bu məsələdə müsəlman ölkələrini sıxışdırırlar. Digər əhəmiyyətli məsələ budur ki, yeni texnologiyalar öz-özlüyündə müsəlman ölkələrində elmin inkişafı üçün potensial yaradır.
Qərb ölkələri İranın təkcə nüvə texnologiyası əldə etməsindən narahat deyil. Onlar İranın digər yeni texnologiyalar sahəsində əldə etdiyi naliyyətlərdən də narahatdırlar.
Əsas problem ondadır ki, onlar bugünkü dünyanın dəyişdiyini qəbul etmək istəmirlər. Daha elmə qadağa qoymaq mümkün deyil. Digər ölkələrə də yeni texnologiyalar sahəsində inkişaf etməyə şərait yaradılmalıdır. İranın nüvə fəaliyyəti məsələsi ABŞ və bəzi Qərb ölkələrinin qərəzli siyasəti ilə üzləşib.
Dəfələrlə Qərb ölkələri ilə aparılan müzakirələrdə onlar qapalı görüşdə bir cür çıxış ediblər, görüşdən sonra başqa mövqe bildiriblər. Yəni vahid mövqedən çıxış etməyiblər. Onlar qapalı keçirilən görüşlərdə başqa mövqedən çıxış etsələr də, görüşdən sonra dünya ictimaiyyətinin rəyinə təsir etmək üçün təbliğat aparırlar.
Fikrimizcə, problemin həlli üçün Qərb ölkələri dinc məqsədli nüvə fəaliyyəti ilə bağlı bütün ölkələrdə vahid sistemin işlənməsini qəbul etməlidirlər. Bəzi ölkələr üçün bir sistemin, digər ölkələr üçün başqa sistemin tətbiq edilməsi qəbulolunmazdır və bugünkü dünya bunu qəbul etməz. Əgər Qərb ölkələri vahid sistemin tətbiq edilməsini qəbul etsələr, aparılan müzakirələrdə nəticə əldə etmək mümkündür. Biz danışıqların məsələnin həllinə kömək edəcəyinə inanırıq, amma müzakirələr məqsədli formada aparılmalıdır.
- İran və Türkiyənin regionda münaqişələrin həllində rolunu necə görürsünüz və bu iki ölkənin regiondakı mövcud problemlərin həllində rolu nədən ibarətdir?
- Türkiyə çox əhəmiyyətli bir ölkədir və biz də Türkiyə ilə müxtəlif sahələrdə fikir mübadiləsi aparırıq. Bilirsiniz ki, İran və Türkiyə arasında iqtisadi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Türkiyə də bizə qardaş və dost ölkədir, bu ölkə ilə səmimi münasibətlərimiz var. Regionda baş verən bir çox proseslərlə bağlı çox yaxından və davamlı olaraq fikir mübadiləsi aparırıq. İran İslam İnqilabının banisi İmam Xomeyni buyurub ki, müsəlman ölkələri hər zaman vahid, bir olmalıdırlar. İran İslam Respublikasının strategiyası da elə budur. Əgər müsəlman ölkələri mövcüd potensiallarını dəyərləndirərək birləşsələr, regionda problem yaratmaq istəyən bir çox ölkələrin regiona uzanan əlini kəsə bilərlər.
İran, Azərbaycan və Türkiyə arasında əməkdaşlığı regionda nümunəvi əməkdaşlıq kimi göstərə bilərik. Bu üç ölkə bir-birini yaxşı anlayır və bir çox sahələrdə birgə əməkdaşlıq edirlər.
- Son günlərdə İran parlamentinin nümayəndələri iqtisadi sahədə çalışan bəzi dövlət məmurlarının işini tənqid ediblər və göstərilən statistikalara iradlar tutublar. Siz icraçı orqanların daha da qanunauyğun fəaliyyət göstərməsi üçün hansı yol təklif edirsiniz, eləcə də parlamentin təsdiq etdiyi qanunların dövlət tərəfindən icrasını necə dəyərləndirirsiniz?
- Demokratik strukturları güclü olan ölkələrdə həmişə belə məsələlər olur. Qərb ölkələrində də adətən bu kimi məsələlər mövcuddur. Bəli, bəzi diktator ölkələrdə müxtəlif məsələlər vahid rəylə idarə olunur və irəli sürülür. Amma İran xalq və demokratiyaya əsaslanan bir ölkədir. Bu baxımdan həmişə fikir ayrılıqları mövcud ola bilər. Fikir ayrılıqları əsasən ixtisaslaşdırmaq məqsədilə müxtəlif sahələrdə yaranır.
Belə ki, parlament sənaye sahəsinin inkişafı üçün hansısa qaydanı təsdiq edir, kənd təsərrüfatının inkişafına hansı formada kömək etmək olar və ya ölkədə iqtisadi sahədə mövcud problemlərin bəzisini hansı formada həll etmək olar kimi yollar göstərir. Parlament nəzarətçi qurum kimi bəzi icra orqanlarında bir sıra çatışmazlıqları görür və onların aradan qaldırılmasını istəyir. Bəzi dövlət qurumlarında qanun pozuntuları ilə bağlı iradların olması təbidir. Ola bilsin ki, icra orqanı hansısa qanuna əməl etməsin. Parlamentin borcudur ki, onlara bunu xatırlatsın və düzəliş həyata keçirsin. Bizim məsələlərə baxışımız islah və düzəliş etmək məqsədi daşıyır. Biz nəzarət edirik ki, qanunun tələbləri yerinə yetirilsin. Ona görə ki, hər hansı qanun ölkənin inkişafı naminə təsdiq olunur. Qanunda göstərilir ki, bizim kənd təsərrüfatı, sənaye və xidmətlər sahəsində inkişafımız hansı səviyyədə olmalıdır. Buna nail olmaq üçün qanunda göstərilən tələblər yerinə yetirilməlidir. Bu baxımdan bizim nəzarətimiz - tənqid və iradlarımız ölkəni "inkişaf qülləsinə" çatdırmaq məqsədi daşıyır.
İran Parlamentinin spikeri Əli Laricani: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar region daxilində daha yaxşı aparıla bilər (MÜSAHİBƏ) (FOTO)
Spiker Əli Laricani: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar region daxilində daha yaxşı aparıla bilər (MÜSAHİBƏ) (FOTO)
