...

Koray Tarqay: Diffamasiya haqqında qanunun tezliklə qəbul olunmasını səbirsizliklə gözləyirik (MÜSAHİBƏ)

Siyasət Materials 9 Sentyabr 2011 11:27 (UTC +04:00)
Koray Tarqay: Diffamasiya haqqında qanunun tezliklə qəbul olunmasını səbirsizliklə gözləyir
Koray Tarqay: Diffamasiya haqqında qanunun tezliklə qəbul olunmasını səbirsizliklə gözləyirik (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir S.Ağayeva/

ATƏT-in Bakı Ofisinin yeni rəhbəri, səfir Koray Tarqayın Trend-ə müsahibəsi

- Cənab səfir, ATƏT-in Bakı Ofisinin yeni rəhbəri postunda hansı planlarınız var?

- Bildiyiniz kimi, mən avqust ayının 15-dən ATƏT-in Bakı Ofisinin rəhbəri kimi fəaliyyətə başlamışam. Hazırda qarşımda duran əsas məqsəd Ofisimizin bu il üçün planlaşdırdığı fəaliyyətləri başa çatdırmaq və növbəti il üçün hazırlıqları həyata keçirməkdir. Planlarım da ATƏT-in Bakı Ofisinin mandatına uyğun olacaq. ATƏT-in Bakı Ofisi Azərbaycan Hökuməti, Milli Məclis, vətəndaş cəmiyyəti və sizin də təmsil etdiyiniz kütləvi informasiya vasitələri ilə əməkdaşlığı davam etdirəcək və Azərbaycanda demokratik islahatların həyata keçirilməsinə yönəlmiş səyləri dəstəkləyəcək.

- Siz ATƏT-in Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə Ofisin fəaliyyətini necə qiymətləndirərdiniz?

- ATƏT-in Bakı Ofisinin fəaliyyət dairəsi çox genişdir. Bizim Prezident Administrasiyası, Xarici İşlər, Daxili İşlər, Ədliyyə və digər nazirlik və dövlət komitələri ilə çox sıx əməkdaşlığımız var. Eyni zamanda, siyasi partiyalar və vətəndaş cəmiyyəti təmsilçiləri ilə də faydalı əməkdaşlığımız var. Həyata keçirdiyimiz fəaliyyətlərin çox az bir zaman kəsiyində nəzərəçarpacaq nəticə verəcəyini gözləyəcək qədər sadəlövh deyilik. Bilirik ki, demokratikləşmə uzun bir prosesdir və bu, zaman, iradə və ən önəmlisi, davamlı səy tələb edir. Bu baxımdan, biz də öz səylərimizi davam etdirəcəyik və Azərbaycanda islahatların gerçəkləşməsinə öz töhfəmizi verməyə çalışacağıq.

- Azərbaycan ATƏT qarşısında üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirir?

- Əvvəlki sualınıza cavabımda bildirdiyim kimi, ATƏT-lə Azərbaycan arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi də fəal nümayəndəliklərdən sayılır. Ümid edirəm ki, bu fəallıq və əməkdaşlığın nəticəsində Azərbaycan istər qanunvericilik, istərsə də qanunların icra olunması sahəsində üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək.

- Bu il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Məlumdur ki, ATƏT-in Bakı Ofisi müşahidədə iştirak etməyəcək. Bu seçkilərin keçirilməsində Azərbaycana hansısa texniki kömək göstəriləcəkmi?

- Sizin də qeyd etdiyiniz kimi, ATƏT və onun Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisi bələdiyyə seçkilərini müşahidə etmir. Amma bununla belə, seçkilər mövzusunda ATƏT-in Bakı Ofisi hər zaman Azərbaycandakı müvafiq qurumlarla əməkdaşlıq edib. Ofisimizin Mərkəzi Seçki Komissiyası ilə çox yaxşı əməkdaşlıq təcrübəsi var. ATƏT-in Bakı Ofisi parlament seçkilərindən əvvəl müşahidəçilər üçün təlimlər, seçicilərin maarifləndirilməsi, seçki şikayətlərinin araşdırılmasına dair müxtəlif layihələr həyata keçirib. MSK ilə birgə seçki prosesinə müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyaları da təşkil olunmuşdu. Biz gələcəkdə bu və digər sahələrdə fəaliyyətimizi davam etdirmək niyyətindəyik.

- Bakı Ofisinin həyata keçirdiyi ictimai polis layihəsinin məqsədi nədir, onun əhatəsi genişləndiriləcəkmi?

- ATƏT-in Bakı Ofisi artıq beş ildən çoxdur ki, ölkədə cəmiyyət dəstəkli polis layihəsini həyata keçirir. Bu, bizim ən uğurlu layihələrimizdən biridir. Mingəçevirdə pilot layihə kimi başlayan cəmiyyət dəstəkli polis fəaliyyətinə sonradan Azərbaycanın 12 rayonu cəlb olundu. Bu işdə müxtəlif ölkələrin təcrübələri öyrənildi. Azərbaycanın polis məmurları Avropanın müxtəlif ölkələrinə səfər edərək, orada çalışan həmkarlarının işləri ilə yaxından tanış oldular. Bu istiqamətdə fəaliyyətlimiz davam etdiriləcək. Cəmiyyət dəstəkli polis layihəsinin əsas məqsədi polislə vətəndaşlar arasında qarşılıqlı etimadı artırmaqdır. Təcrübə göstərir ki, bu cür layihələr ölkədə kriminalın azalmasına ciddi təsir göstərir. Bu layihə çərçivəsində, polis orqanlarında qadın məmurlarının sayının artırılması da geniş müzakirə olunub. Oktyabr ayından başlayaraq, ATƏT-in Bakı Ofisi qadınların polis işinə cəlb olunmasına həsr olunmuş dəyirmi masalar həyata keçirəcək.

- Azərbaycanda ATƏT-in Bakı Ofisinin və Azərbaycan Mətbuat Şurasının da hazırladığı "Diffamasiya haqqında" qanun layihəsinin ictimai müzakirələri keçirilir. Sizin fikrinizcə, bu qanunun qəbulu ölkədə söz azadlığının və demokratiyanın inkişafında hansı rolu oynayacaq?

- Xatırlayırsınızsa, mayın 11-də ATƏT-in Bakı Ofisi Mətbuat Şurası ilə birlikdə qanunvericilik islahatı vasitəsilə diffamasiyanın dekriminallaşdırılması mövzusunda konfrans təşkil edib. Həmin tədbirdə ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç də iştirak etmişdi. Biz, beynəlxalq standartlara uyğun olan diffamasiya haqqında qanunun tezliklə qəbul olunmasını səbirsizliklə gözləyirik. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, jurnalistlər yazdıqları məqalələrə görə həbs olunmamalıdırlar. Əminəm ki, müvafiq qanunun qəbulu Azərbaycanda media azadlığının təmin olunmasında əhəmiyyətli addım olacaq.

Xəbər lenti

Xəbər lenti