...

ABŞ Afrika və Ərəbistan yarımadasında gizli hərbi bazalar yaradır

Siyasət Materials 22 Sentyabr 2011 15:58 (UTC +04:00)
Obama administrasiyası Afrika Buynuzu və Ərəbistan yarımadasında antiterror əməliyyatlarının aparılması üçün pilotsuz təyyarələrin gizli bazasını yaradır.
ABŞ Afrika və Ərəbistan yarımadasında gizli hərbi bazalar yaradır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir X.Murtuzayeva/

Obama administrasiyası Afrika Buynuzu və Ərəbistan yarımadasında antiterror əməliyyatlarının aparılması üçün pilotsuz təyyarələrin gizli bazasını yaradır. Bu barədə "Newsru.com" saytı The Washington Post qəzetinə istinadən yazır.

Trend-in məlumatına görə, adı açıqlanmayan amerikalı məmurların dediklərinə görə, bununla da Somali və Yəməndə fəaliyyət göstərən "əl-Qaidə" ilə affilə olunmuş təşkilatlara hücumlar fəallaşır.

Qəzetin məlumatına görə, bazalardan biri ABŞ-ın Somalinin hərbiləşdirilmiş və ölkənin xeyli hissəsinə nəzarət edən "əl-Şəhab" qruplaşması ilə mübarizədə müttəfiqi olan Efiopiyada tikilir. Digər baza Hind okeanındakı Seyşel adalarındadır ki, burada lap yaxınlarda "ovçu-qırıcı" tipli pilotsuz təyyarələrin kiçik donanması öz fəaliyyətini bərpa edib. Bundan əvvəl praktikada sübut edilmişdi ki, Seyşeldən pilotsuz təyyarələr Somali səmasında effektiv patrul xidməti həyata keçirə bilərlər. Amerikalılar Cibutidəki bazadan da Somali və Yəmən səmalarına pilotsuz təyyarələr göndərirlər.

"MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) Ərəbistan yarımadasında Yəmən səmasına silahlı pilotsuz təyyarələr göndərmək üçün gizli aerodrom tikir", - qəzet xəbər verir.

Qəzetin ifadə etdiyi kimi, "pilotsuz təyyarələrin elan olunmamış müharibəsi"nin genişləndirilməsi ABŞ-ın hələ də "əl-Qaidə"nin Yəməndə və Somalidəki fəaliyyətindən narahatlığının getdikcə artdığını göstərir. Məlumdur ki, ABŞ hökuməti belə aparatlardan altı ölkədə - Əfqanıstan, İraq, Liviya, Pakistan, Somali və Yəməndə bəzi şəxslərin aradan qaldırılması üçün istifadə edir.

Qəzet yazır ki, "MQ-9 Reaper"lərin kiçik qrupu Seyşel adalarında 2009 -cu ilin sentyabrından yerləşdirilib. ABŞ və Seyşel hakimiyyətləri onların başlıca missiyasının piratları izləmək olduqlarını iddia edirlər. Lakin amerikalı diplomatların WikiLeaks-də dərc olunmuş yazışmaları nümayiş etdirdi ki, bu pilotsuz təyyarələr Somali səmasında antiterror missiyasını həyata keçirirlər. Reaper-i peyklər vasitəsilə tuşlanan "Hellfire" raketləri və bombaları ilə təchiz etmək mümkündür.

"Seyşel sakinlərinin həyəcanlanmaması üçün iki il əvvəl ABŞ nümayəndələri "Reaper" pilotsuz təyyarələrini silahlandırmaq fikrində olmadıqlarını bəyan etmişdilər", - məqalədə deyilir. ABŞ hərbçilərinin nümayəndəsi Seyşel adalarındakı pilotsuz təyyarələrin nə vaxtsa silahla təchiz olunub-olunmayacağı barədə sualı cavablandırmayıb.

Əgər WikiLeaks-də dərc olunan materiallara inansaq, Seyşel adalarında 3, yaxud 4 "Reaper" pilotsuz təyyarəsi yerləşdirilib. Onlar təxminən 100 ABŞ hərbçisinə və muzdlu mülki əməkdaşa xidmət edir. Hərbçilər bu ilin aprelinə kimi müntəzəm uçuşlar həyata keçiriblər. Sentyabrın əvvəlindən isə uçuşlar yenidən bərpa edilib.

Amerikalı məmurlar arasındakı mənbə bildirib ki, Afrika Buynuzu və Ərəbistan yarımadasındakı bazaların vəzifəsi son illər "əl-Qaidə"nin "qol-budaqlarının" baş qaldıra biləcəyi əraziləri izləmək imkanı əldə etməkdir.

Ağ Evdə qəzetin bu məlumatını şərh etməkdən imtina ediblər. Lakin bir müddət əvvəl ABŞ və Seyşel adaları hökumətləri Birləşmiş Ştatların pilotsuz təyyarələrinin Seyşel adalarında olması faktını artıq təsdiqləsələr də, bu aparatların quldurlarla mübarizə üçün nəzərdə tutulduğunu qeyd ediblər. Bu barədə "Reuters" agentliyi xatırladır.

Xəbər lenti

Xəbər lenti