...

Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilib (FOTO)

Siyasət Materials 6 Oktyabr 2011 19:04 (UTC +04:00)
Cümə axşamı Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilib.
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Cümə axşamı Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilib. İclasın işində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak edib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzindən Trend-ə verilən məlumata görə, dünyada və regionda təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə, terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində digər xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirdə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də təmsil olunublar.

Oktyabrın 6-da tədbir iştirakçıları və general-leytenant Eldar Mahmudov başda olmaqla, Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Dövlət başçısı keçirilən beynəlxalq tədbirin tərəfdaş xüsusi xidmət orqanları arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, bunun dövlətlərin inkişafı üçün vacib şərt olan təhlükəsizliyin səmərəli təmin olunmasına xidmət edəcəyinə əminliyini bildirib.

Həmin gün Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində öz işinə başlayan iclası giriş sözü ilə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov açıb. Sonra Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müzakirə ediləcək məsələlərin effektli olacağını və konkret nəticələr verəcəyini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən nazir Eldar Mahmudov konfrans iştirakçısı olan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükə yaradan hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan terrorçuluq, dini ekstremizm, nəzarətsiz ərazilər kimi reallıqlara birmənalı və bir mövqedən yanaşmanın zəruri olduğunu bildirib. Eldar Mahmudov türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirib, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir Konfransın XIV iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksələcəyinə ümidvar olduğunu söyləyib.

İclasda çıxış edən Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan terrorçuluq və digər transmilli cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivləri barədə danışıb. Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri general-mayor Nurtay Abıkayev terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd edib və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə digər iştirakçıların da çıxışları və multimedialı təqdimatları maraqla qarşılanıb, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən gənclərin beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlara cəlb olunmasına qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsinə dair və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclasının nəticələri üzrə yekun sənəd imzalanıb, Konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti