...

Hakim partiyanın təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)

Siyasət Materials 15 Oktyabr 2011 13:49 (UTC +04:00)
Azərbaycan xalqının Heydər Əliyev yolunu seçməsi ilə dövlət müstəqilliyimizin dönülməzliyi təmin olundu.
Hakim partiyanın təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbirlər M.Əliyev, T.Hacıyev/

Azərbaycan xalqının Heydər Əliyev yolunu seçməsi ilə dövlət müstəqilliyimizin dönülməzliyi təmin olundu. Trend-in məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasında (YAP) Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Möhtəşəm 20 il" adlı "dəyirmi masa"da çıxışı zamanı YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, 20 il öncə müstəqillik elan olunduqdan sonra Azərbaycan dilemma qarşısında qalmışdı. Ya xaos və sonu bilinməyən bir yolu, ya da Heydər Əliyev yolunu seçməli idi. İnsanlar Heydər Əliyev yoluna daha çox inanırdılar. Ona görə də Azərbaycan xalqı Heydər Əliyev yolunu seçdi.

"20 illik müstəqillik bir xalqa nəyi verə bilərsə, Azərbaycan xalqı bunların hamısına artıqlaması ilə nail olub", - Əhmədov vurğulayıb.

YAP-ın sədr müavini deyib ki, istənilən xarici ekspert bu gün ölkəmizin inkişafı barədə hər bir azərbaycanlının iftixarı ola biləcək rəy verir. O, həmçinin qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycanın dövlət büdcəsi 1 və ya 2 milyon dollar idisə, bu gün Azərbaycanın dövlət büdcəsi 20 milyard dollara yaxınlaşır.

Əhmədov bildirib ki, dövlət müstəqilliyinin 10 illiyi qeyd olunarkən müstəqillik illərində nail olunan sabitlikdən danışılırdısa, bu gün Azərbaycanın güclü iqtisadiyyatından, dünyadakı mövqeyindən danışılır.

"Müstəqillik hər bir xalq üçün verilən özünüifadə şansıdır. Azərbaycan xalqı müstəqillikdən istifadə edərək ən yüksək səviyyədə özünü ifadə etməyi bacarıb. Azərbaycan hakimiyyəti Allahın bizə bəxş etdiyi təbii sərvətlərdən xalqın rifahı və ölkənin inkişafı üçün istifadə edir", - Əhmədov qeyd edib.

Sonra çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova öz növbəsində qeyd edib ki, müstəqilliyin dönülməzliyinin təmin olunması Azərbaycan xalqının ən böyük uğurudur.

"Bu uğurdan hər bir Azərbaycan vətəndaşına pay düşür", - Muradova vurğulayıb.

O, Azərbaycanın bu inkişafa nail olmasında hakim Yeni Azərbaycan Partiyasının xüsusi rolu olduğunu bildirib.

"Mən fəxr edirəm ki, YAP-ın üzvüyəm və dövlət quruculuğu prosesində iştirak edirəm", - Muradova deyib.

Vitse-spiker müstəqillik haqqında Konstitusiya aktının çətin bir dövrdə qəbul olunduğunu xatırladıb və əlavə edib ki, bu aktın qəbul olunmasından sonra Azərbaycan xalqı üçün çətin bir dövr başlamışdı. Onun sözlərinə görə, yalnız Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanın siyasi hakimiyyətə qayıtması ilə bu çətin dövr başa çatıb.

"Azərbaycan bu gün dünya ictimaiyyətinə öz həqiqətlərini layiqincə çatdıra bilir", - Muradova deyib.

Millət vəkili Eldar İbrahimov Azərbaycanın müstəqilliyinin əldə olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb. Onun sözlərinə görə, SSRİ hakimiyyətinin son illərində Heydər Əliyev deyirdi ki, Sovet İttifaqı dağılacaq və Azərbaycan ondan sonra heç bir ittifaqa qoşulmamalıdır.

Konfransda, həmçinin deputatlar Fəttah Heydərov, Vahid Əhmədov, İlyas İsmayılov, Fazil Mustafa, Qüdrət Həsənquliyev çıxış edərək Azərbaycanın 20 ildə əldə etdiyi uğurlardan danışıblar.

Xəbər lenti

Xəbər lenti