Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
"Sizi - "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə bu xeyirxah işinizdə uğurlar diləyirəm. Fərəhləndirici haldır ki, ətraf mühit mövzusunda bu cür sərgi Azərbaycanda artıq ikinci dəfə təşkil olunur. Ölkəmizdə "Ekologiya ili" elan edilmiş 2010-cu ildə ilk dəfə ekologiya ilə bağlı "Azərbaycan Yaşıl Dünya Naminə" Beynəlxalq Sərgisinin keçirilməsi bir daha sübut etdi ki, respublikamızda sosial-iqtisadi həyatın bütün sahələri kimi ətraf mühit məsələlərinin həlli də daim diqqət mərkəzində saxlanılır.
Eyni zamanda biz vətəndaşlarımızın sağlam ətraf mühitdə yaşamasının təmin olunması üçün bütün imkanlardan, o cümlədən ən müasir "yaşıl texnologiyalar"ın geniş tətbiqindən maksimum faydalanmalıyıq. Buna ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində ildən-ilə artan maliyyə imkanları da lazımi şərait yaradır", - müraciətdə deyilir.
Prezident İlham Əliyev qeyd edib ki, respublikamızın iqtisadi sahədə qazandığı nailiyyətlər nəticəsində son illər infrastrukturun inkişaf etdirilməsinə, irimiqyaslı ekoloji layihələrin gerçəkləşdirilməsinə böyük əhəmiyyət verilir. Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması, ərazilərin yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi və biomüxtəlifliyin qorunması sahəsində ölkəmiqyaslı mühüm layihələr icra olunur.
"İnanıram ki, "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin ətraf mühitin sağlamlaşdırılması və ekoloji problemlərin həllinə yönəldilmiş fəaliyyəti öz müsbət nəticələrini verəcəkdir", - müraciətdə bildirilir.