Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir E.Mehdiyev/
Azərbaycan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Ali Şurasının Maliyyə Komitəsinə üzv seçilib.
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyidən Trend-ə verilən məlumata görə, İRENA Şurasının üç komitəsi mövcuddur və MDB ölkələri arasında yalnız Azərbaycan komitə üzvü seçilib.
Bu da onu göstərir ki, ölkəmizin son illər ərzində yüksək templə artdığı iqtisadi gücü və beynəlxaql aləmdə apardığı tarazlı və düzgün xarici siyasəti nəticəsində dünya ölkələri Azərbaycana dəstəyini artırır və ölkəmizlə əməkdaşlığın qurulmasında maraqlıdırlar. İRENA beynəlxalq təşkilatı da öz növbəsində Azərbaycana xüsusi önəm verir və gələcəkdə ölkəmizlə əməkdaşlığı prioritet hesab edir.
Azərbaycan 10 iyun 2009-cu ildə İRENA beynəlxalq təşkilatının üzvü olub və bu il keçirilmiş seçkilərdə İRENA-nın ali orqanı sayılan İRENA Ali Şuranın Maliyyə Komitəsinin üzvü seçilib. Maliyyə Komitəsinə 155 ölkədən 6 ölkə üzv seçilib.
İqamətgahı Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində yerləşən IRENA beynəlxalq təşkilatına dünyanın 155 ölkəsi üzvdür. IRENA-nın beynəlxalq təşkilat kimi yaradılması prosesi rəsmi olaraq 2004-cü ildən başlayıb və 4 aprel 2011-ci ildə beynəlxalq təşkilat statusunu əldə edib. Təşkilatın əsas məqsədi dünyanın gələcək enerjisi sayılan bərpa olunan enerjinin bütün formalarının İRENA-nın üzv ölkələrində tətbiqi və davamlı istifadəsinin təmin edilməsidir.