...

"Heydər Əliyev və Müstəqil Azərbaycanın Konstitusiyası" mövzusunda "dəyirmi masa" keçirilib

Siyasət Materials 11 Noyabr 2011 16:57 (UTC +04:00)
Noyabrın 11-də Atatürk Mərkəzində Konstitusiya Gününə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycanın Konstitusiyası" mövzusunda "dəyirmi masa" keçirilib.
"Heydər Əliyev və Müstəqil Azərbaycanın Konstitusiyası" mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir E.Mehdiyev/

Noyabrın 11-də Atatürk Mərkəzində Konstitusiya Gününə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycanın Konstitusiyası" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov, millət vəkilləri İlham Məmmədov, Əli Hüseynov və Mübariz Qurbanlı, həmçinin YAP Gənclər Birliyinin rayonlar üzrə təşkilat üzvləri və tələbələr də iştirak ediblər.

Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açıb. O, Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixindən danışaraq hər bir müstəqil dövlət kimi respublikamızın da həyatında konstitusiyanın movcudluğunun geniş mahiyyət kəsb etməsini vurğulayıb.

Ziyafət Əsgərov Konstitusiyamızın 1995-ci ildən, yəni yarandığı tarixdən bu günə kimi keçdiyi inkişaf yolundan danışdı.

"O vaxtlar çətin iş rejiminə baxmayaraq, Heydər Əliyev şəxsən hər həftə komissiya üzvlərini yığıb Konstitusiyanı maddə-maddə müzakirə edirdi. Bununla çalışırdı ki, hər bir təbəqədən olan vətəndaşların hüquqları qorunsun", - vitse spiker qeyd edib.

Əsgərov Konstitusiyamızın 3 prinsipə əsaslandığını vurğulayıb: insan, cəmiyyət və dövlət. O, bununla da Konstitusiyamızda bütün müddəaların əslində insan faktoruna qulluq etdiyini əsaslandırıb və Konstitusiyamızın kifayət qədər humanist olduğunu bildirib.

"Dəyirmi masa"da iştirak edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı Konstitusiyamızın beynəlxalq arenada kifayət qədər səviyyəli olduğunu söyləyib.

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Konstitusiyamızda olan qanunlardan, ən əsası müharibə şəraitində ölüm hökmünün ləğv olunmasından söz açıb.

Xəbər lenti

Xəbər lenti