...

Azərbaycanın daxili işlər naziri Pakistan səfiri ilə görüşüb

Siyasət Materials 16 Noyabr 2011 17:42 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə günü Pakistanın ölkəmizdəki səfiri İnayatullah Kakarı qəbul edib.
Azərbaycanın daxili işlər naziri Pakistan səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə günü Pakistanın ölkəmizdəki səfiri İnayatullah Kakarı qəbul edib. Trend-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Görüşdə müstəqilliyin ilk illərində Azərbaycanın keçdiyi mürəkkəb yol, Ermənistanın təcavüzü nəticəsində ərazi bütövlüyümüzün pozulması, ölkəmizin üzləşdiyi problemlər, nəhayət, xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sistemində həyata keçirilən islahatlardan söz açılıb.

Qeyd olunub ki, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələr 2002-ci ildən etibarən qurulmağa başlayıb.

Bunun nəticəsi olaraq, cinayətkarlıqla mübarizəyə dair iki sənəd - "Azərbaycan Respublikası hökuməti və Pakistan Respublikası hökuməti arasında beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" sazişlər işlənib hazırlanıb. Hər iki saziş 2004-cü ildə Pakistan İslam Respublikası Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Eyni zamanda, Azərbaycanla Pakistanın daxili işlər orqanları arasında əməkdaşlıq Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində də həyata keçirilir.

Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Görüşdə Pakistan səfiri iki dövlət arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu qeyd edib, diplomatik fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti