Azərbaycan, Bakı, 21 noyabr /Trend/
Pakistanın nüfuzlu "Liberty" jurnalında "Xocalı soyqırımı" adlı məqalə dərc olunub. Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Yazıda Xocalıda baş vermiş hadisələrinin bəşəriyyət tarixinin ən dəhşətli səhifələrindən biri olduğu qeyd edilib, bu qətliam nəticəsində, uşaqlar və ahıllar daxil olmaqla, yüzlərlə insanın xüsusi amansızlıqla öldürüldüyü bildirilib. Jurnalda Xocalıda hadisələrin təfsilatlarından bəhs edilib, "Memorial" insan hüquqları mərkəzinin, "Financial Times", "Le Monde", "Valer Actuel", "İzvestiya" nəşrlərində bu dəhşətli hadisədən bəhs etmiş yazılardan sitatlar gətirilib. Jurnalda dinc əhalinin qətlində fəal iştirak etmiş 366-cı motoatıcı alayın zabiti Seyran Ohanyanın hazırda Ermənistan müdafiə naziri vəzifəsini tutduğu qeyd edilib.
Məqalədə ermənilərin Qarabağda məskunlaşma tarixinə ekskurs keçirilib, 1905-1907, 1948-1953 illərdə baş vermiş hadisələrdən bilgilər verilib. Yazıda 1918-ci ilin mart hadisələrinə xüsusi yer ayrılıb, daşnak və bolşeviklər tərəfindən Bakı, Şamaxı, Quba, Xaçmaz, Zəngəzur, İrəvan və Azərbaycanın digər bölgələrində törədilmiş etnik təmizləmə siyasətindən söz açılıb. Bu hadisələr zamanı 50 minə yaxın insanın həlak olduğu, yüzlərlə yaşayış məntəqəsinin yer üzündən silindiyi bildirilib. Jurnalda Qubada kütləvi məzarlığın aşkar edilməsi və aparılmış tədqiqatlar nəticəsində onun 1918 ilin mart ayında baş verdiyi sübuta yetirilməsi faktı oxucuların nəzərinə çatdırılıb.
Məqalədə XX əsrin əvvəlində törətdiyi vəhşiliklərin cəzasız qaldığını görən erməni millətçilərinin 1988-ci ildən başlayaraq yenidən dənizdən-dənizə Ermənistan yaradılması xülyasını ortaya ataraq, öz məkrli planlarını həyata keçirməyə başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu və 7 ətraf rayonunu zəbt etdiyi vurğulanıb. Yazıda işğal nəticəsində 20 mindən çox azərbaycanlının öldürülməsi, bir milyon insanın isə öz yurdlarından didərgin düşməsi vurğulanıb.
Jurnalda Dağlıq Qarabağ məsələsinə dair BMT Təhlükəsizlik Şurası tərəfindən erməni işğalçı qüvvələrinin zəbt olunmuş torpaqları azad etməsini tələb edən 4 qətnamənin qəbul edildiyi, lakin onların hələ də icra olunmadığı qeyd edilib. Yazar məqaləni "Niyə?" sualı ilə yekunlaşdırıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.