...

Azərbaycanın hakim partiyası Fransa Senatında "erməni soyqırımı"nın müzakirəyə çıxarılmasını Türkiyəyə qarşı təzyiq hesab edir

Siyasət Materials 22 Dekabr 2011 15:37 (UTC +04:00)
Fransa Senatında qondarma "soyqırım" məsələsinin müzakirəyə çıxarılmasını Türkiyəyə qarşı təzyiq hesab edirik və bunun özünü də ədalətsiz sayırıq.
Azərbaycanın hakim partiyası Fransa Senatında "erməni soyqırımı"nın müzakirəyə çıxarılmasını Türkiyəyə qarşı təzyiq hesab edir

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir M.Əliyev/

Fransa Senatında qondarma "soyqırım" məsələsinin müzakirəyə çıxarılmasını Türkiyəyə qarşı təzyiq hesab edirik və bunun özünü də ədalətsiz sayırıq. Bunu cümə axşamı Trend-ə YAP-ın sədr müavini, icraçı katibi Əli Əhmədov bildirib.

"Azərbaycan və Türkiyə arasında münasibətlərin xarakterini nəzərə alaraq, ədalətsizliyə öz etirazımızı bildirməklə yanaşı, Türkiyəyə qarşı olan haqsızlığa qarşı qəti etirazımızı ifadə edirik", - o deyib.

Əhmədov qeyd edib ki, tarixi saxtalaşdırmaq cəhdi haqsızlıqdır. "Bu, tarixi ədalətsizliyin bir formasıdır və Azərbaycan buna öz kəskin münasibətini hər zaman bildirib. Bu, demokratiya anlayışı ilə bir araya sığmayan məsələdir. Tarixin saxtalaşdırılması əsasında siyasi qərarlar verilməsi həm ədalət baxımından, həm də demokratik dəyərlər nöqteyi-nəzərindən düzgün olmazdı", - YAP funksioneri vurğulayıb.

Əhmədov ümidvar olduğunu bildirib ki, Fransa Senatında belə qərarın qəbul edilməsinə gətirib çıxaracaq hərəkətlərə yol verilməyəcək.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Yeni qanun layihəsi UMP-nin 40 deputatı və Yeni Mərkəz Partiyası tərəfindən imzalanıb və qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilə qədər azadlıqdan məhrum etmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti