Azərbaycan, Bakı, 27 dekabr /Trend/
Meksikanın tanınmış "Mundo İnternacional" jurnalının 2011-ci il dekabr buraxılışında Azərbaycanın dövlətçilik tarixi, habelə ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində keçirilən tədbirlər haqqında geniş məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqalədə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi münasibətilə Mexiko şəhərinin nüfuzlu və tarixi mədəniyyət ocağı hesab edilən "Bellas Artes" Milli İncəsənət Sarayının binasında səfirlik tərəfindən təşkil edilmiş konsert proqramı, habelə Azərbaycanın incəsənət xadimlərinin Meksikanın Akapulko şəhərində keçirilmiş "La Nao" beynəlxalq mədəniyyət festivalında iştirakı və burada dahi şair Nizami Gəncəvinin abidəsinin rəsmi təməlqoyma mərasimindən bəhs edilir.
Məqalədə, həmçinin Akapulko Siyasi Araşdırmalar İnstitutunda "Azərbaycan və İpək yolu" mövzusunda keçirilmiş elmi konfransda Səfir İlqar Muxtarovun iştirakı və əsas mühazirəçi kimi çıxışından söz açılır.
"Mundo İnternacional" jurnalı geniş tirajda satışa buraxılmaqla yanaşı, Meksikanın Prezident Administrasiyası və digər hökumət orqanları, Konqres üzvləri, habelə Meksikada akkreditə olunmuş xarici diplomatik nümayəndəliklər arasında yayılır.