...

Macarıstanda Bakıda keçiriləcək FAO-nun 28-ci Regional Konfransına hazırlıq mərhələsi müzakirə olunub (FOTO)

Siyasət Materials 26 Yanvar 2012 15:45 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyində səfirlik, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Şərqi Asiya üzrə Regional Nümayəndəliyi və Macarıstan Regional İnkişaf Nazirliyinin birgə mətbuat konfransı keçirilib.
Macarıstanda Bakıda keçiriləcək FAO-nun 28-ci Regional Konfransına hazırlıq mərhələsi müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Azərbaycanın Macarıstandakı səfirliyində səfirlik, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Şərqi Asiya üzrə Regional Nümayəndəliyi və Macarıstan Regional İnkişaf Nazirliyinin birgə mətbuat konfransı keçirilib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, mətbuat konfransı 2012-ci ilin aprel ayında Bakıda keçiriləcək FAO-nun 28-ci Regional Konfransına hazırlıq mərhələsində Macarıstan ictimaiyyətinə ətraflı məlumat vermək məqsədilə təşkil edilib.

Ölkənin 30-a yaxın qəzet və elektron KİV-nin nümayəndələri mətbuat konfransında iştirak ediblər.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, FAO-nun Baş direktor müavini, Avropa və Şərqi Asiya üzrə Regional Ofisinin rəhbəri Fernanda Geriyeri və Macarıstan Regional İnkişaf Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Zoltan Kalman çıxış ediblər.

Səfir aprel ayında Bakıda 53 ölkənin kənd təsərrüfatı və ərzaq nazirlərinin, habelə beynəlxalq qurumların təmsilçilərinin iştirakı ilə keçiriləcək konfransın yüksək səviyyədə təşkili ilə əlaqədar Azərbaycan Prezidenti və hökuməti tərəfindən görülən işlər barədə mətbuat nümayəndələrinə ətraflı məlumat verib.

Səfir, eyni zamanda, son illərdə Azərbaycanın iqtisadi siyasəti, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində atılan addımlar, ölkədə həyata keçirilən iri layihələr, qeyri-neft sektorunun sürətli inkişafı ilə bağlı məlumatları mətbuat nümayəndələrinin diqqətinə çatdırıb.

Daha sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Jurnalistlər Regional Konfransla yanaşı, Azərbaycanın iqtisadi və turizm imkanları, ölkədə ərzaq təhlükəsizliyi probleminin həlli, Macarıstanla Azərbaycan arasındakı əlaqələr və s. barədə müxtəlif suallar səsləndiriblər.

Səfirlik Azərbaycan hökuməti adından FAO-nun Bakı konfransına hazırlıq məqsədi ilə Budapeştdə keçirilən Məşvərət görüşünün iştirakçılarının şərəfinə qəbul təşkil edib.

Xəbər lenti

Xəbər lenti