...

Texnopark innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması vasitəsidir

Siyasət Materials 31 Yanvar 2012 11:19 (UTC +04:00)
Texnopark innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması vasitəsidir
Texnopark innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın yaradılması vasitəsidir

Trend Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev və AzTU-nun rektoru, professor Havar Məmmədovun "Azərbaycan" qəzetində dərc olunan yazısını oxucularına təqdim edir

Yeni minillikdə ölkə iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil edəcəkdir. Yüksək texnologiya dedikdə, yüksək elmtutumlu işləmələrdə, unikal texnoloji proseslərdə, cihazlarda və materiallarda istifadə edilən, fundamental və tətbiqi tədqiqatların beynəlxalq səviyyəsini müəyyənləşdirən müasir texnologiyalar (standart üzrə 8 faizdən çox) başa düşülür. Yüksək texnologiyalara müasir elmi-texniki və intellektual potensialdan ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətlərində, o cümlədən də müdafiə qabiliyyətinin yüksəldilməsində geniş istifadə olunan rəqabətə davamlı məhsul istehsal etməyə imkan verən biotexnologiyalar, lazer texnikası və texnologiyası, aviasiya, kosmik tədqiqatlar, nüvə energetikası, gen mühəndisliyi, kompyuter və mikroopto-elektron texnologiyalar, kimya, telekommunikasiya və informasiya texnologiyaları aid edilir. Hi-tek (ingiliscə hi-tech, high technology - yüksək texnologiya) 1970-ci illərdə modernizm dalğasında yaranmış, 1980-ci illərdə geniş inkişaf tapmış arxitektura və dizayn sahəsində stildir. 1990-cı illərdən başlayaraq hi-tech təbiətlə əlaqələndirildi və tədricən bio-tech, eko-tech-ə çevrildi. Bu gün yüksək texnologiyalar inkişaf etmiş ölkələrin iqtisadiyyatının, demək olar ki, bütün sahələrini əhatə edərək informasiya cəmiyyətinin yeni mərhələsinin - biliyin generasiyası, yayılması və istifadəsi əsasında qurulmuş iqtisadiyyatın formalaşmasını təmin edir.

Unikal vərdişlər və qabiliyyətlərin daim yeniləşməkdə olan fəaliyyət sahələrinə adaptasiya olunması, yüksək peşəkarlıq və s. əsas istehsal resurslarının, maddi firavanlığın və şəxsiyyətin ictimai statusunun mahiyyətini təşkil edir. İntellektual fəaliyyətə qoyulan investisiya resursların səmərəli yerləşdirilməsi üsuluna çevrilir. İstehsalın intensivləşməsi və elmi-texniki tərəqqinin nəticələrindən istifadə innovasiya tsiklinin kəskin ixtisarına, məhsulun və texnologiyaların yeniləşmə tempinin sürətlənməsinə səbəb olur.

Kiçik və orta biznesin inkişaf etdirilməsi dünyanın aparıcı ölkələrinin diqqət mərkəzindədir. Ali təhsil müəssisələrinin elmi potensialı ilə innovasiya təyinatlı kiçik və orta biznesin imkanlarının inteqrasiya olunmasının və elmi nəticələrin kapitallaşdırılmasının ən səmərəli üsullarından biri innovasiya təyinatlı texnoloji mərkəzlərin, texnologiyaları transfer mərkəzlərinin, texnoparkların yaradılmasıdır.

Texnopark nisbətən gənc, dinamik təkamül edən, mürəkkəb struktur olduğundan kifayət qədər variativ anlayışa malikdir. Bu onunla izah edilir ki, mövcud texnopark modelləri bir-birindən kifayət qədər fərqlidir. Elmi Parkların Beynəlxalq Assosiasiyası (IASP) dünyanın 63 ölkəsində texnoparkların fəaliyyəti ilə əlaqədar toplanmış qabaqcıl təcrübəni təhlil edərək texnopark anlayışını ümumiləşdirən normalar, qaydalar və tələblər işləyib hazırlamış, onun qlobal xarakter daşıdığını qeyd etmişdir. Elmi park, texnoloji rayon, tədqiqat parkı və digər qurumlar arasında müəyyən fərqlərin olmasına baxmayaraq, ümumi məqsədlər, elementlər və metodologiyalar onları vahid bir anlayış - texnopark anlayışı daxilində toplamağa imkan vermişdir. IASP-yə görə, elmi park ixtisaslaşmış peşəkarlar tərəfindən idarə olunan, innovasiya biznesinin rəqabətə davamlığını və elmi müəssisələrin innovasiya mədəniyyətini inkişaf etdirməklə cəmiyyətin gəlirlərini artırmağa yönəlmiş bir qurumdur.

Biznes İnkubatorların Milli Assosiasiyası (NBIA) biznes inkubator anlayışını kommersiya müəssisəsinin dinamik inkişafı prosesi kimi izah edir. İnkubator gənc şirkətlərin fəaliyyətinə və inkişafına kömək göstərərək onları, bir növ, yetişdirir. İnkubatorlar yenicə fəaliyyətə başlamış şirkətlərə hüquq, menecment, marketinq, maliyyə qaynaqlarından istifadə, texniki və texnoloji sənədlərin hazırlanması və s. sahələrdə dəstək verir. Onlar şirkətlərə bir tavan altında istifadə olunan ofis xidmətləri, avadanlıqdan istifadə, nisbətən ucuz icarə haqqına və genişlənmə imkanlarına malik sahələr təklif edir.

Texnopark universitet və elmitədqiqat institutlarında yaradılan yeni texnologiyaların kommersiya baxımından reallaşdırılmasını həyata keçirən, gənc mütəxəssislər üçün yeni iş yerləri yaradan və yerləşdiyi şəhərin sosial-iqtisadi həyatında səmərəli rol oynayan güclü qurumdur. Texnopark strukturları mövcud olduğu 60 il ərzində iqtisadiyyat və elmi-texniki tərəqqidə baş vermiş dəyişikliklərin təsiri altında dəfələrlə transformasiya olunmasına baxmayaraq, sistem səciyyəli aşağıdakı təməl prinsiplərini qoruyub saxlaya bilmişdir: yüksək xarakteristikalara malik, innovasiya təyinatlı transprofessional sahibkarın formalaşdırılması; rəqabət qabiliyyətli məhsullara və əqli mülkiyyətə söykənən yüksək texnologiyaların kommersiallaşdırılması.

Yeni sahibkar tipinin müvəffəqiyyətlə formalaşması üçün texnoparklar, adətən, iri universitetlərin - kampusların bazasında təşkil olunur. Texnologiyaların transferi, kommersiyalaşdırılması və iqtisadiyyatda elmtutumlu məhsulların xüsusi çəkisinin artırılması üçün texnoparklarda innovasiya təyinatlı şirkətlərin təşkili və inkişafı üçün şərait yaradılır.

Dünya təcrübəsinin təhlili göstərir ki, texnoparkların yaradılmasında şərti olaraq üç model əsas götürülür: Amerika, Avropa və Asiya modelləri. Amerika modelinin ən tipik nümunəsi dünyada ilk texnopark - Stenford Universitetində yaradılmış "Silikon vadisi"dir. Stenford texnoparkı böyüklüyünə görə bu gün də liderdir. O, universitet ərazisində yüksək texnoloji şirkətlərə 51 il ərzində icarəyə verilən 280 hektarlıq sahədə yerləşir. 1981-ci ildə parkda 80 şirkət və 26 min işçi çalışırdı. Stenford texnoparkının inşaatının başa çatmasına, infrastrukturunun formalaşmasına və ərazisinin bütünlüklə icarəyə verilməsinə 30 il vaxt sərf olunmuşdur. Funksional struktur vahidləri ilə innovasiya müəssisələrinə xidmət qurumlarının vahid arxitekturaya daxil olması texnoparkın Amerika modelinin səciyyəvi xüsusiyyəti sayılır. Dünyada ilk texnopark iqtisadi, sosial və ərazi şərtlərinin harmoniyasından yaranan sinergetik effektin reallaşdırılmasının nəticəsi sayıla bilər. "Silikon vadisi"nin yaranmasında aşağıdakı şərtlər aparıcı rol oynamışdır: cəmiyyətdə texnoloji innovasiyaları reallaşdırmaq zərurətinin yaranması; mərkəzi rayonlarda icarə qiymətinin, universitet kampusunun istifadə olunmayan ərazilərinin yerləşdiyi periferiyaya nisbətən çox yüksək olması; universitetlərdə dövlət tərəfindən maliyyələşdirilən elmi-tədqiqat işlərinin aparılması.

Bu şərtlər əsasında universitet özünün istifadə olunmayan torpaq və binalarını ucuz qiymətə onunla birlikdə innovasiya təyinatlı texnologiyalar üzərində işləyən şirkətlərə icarəyə verməyə başladı. Bu minvalla formalaşmış mühit mövcud olan və yüksək texnologiyalara söykənən yeni şirkətlərin aktiv inkişafına gətirib çıxardı. Universitetlə şirkətlər arasında ərazi yaxınlığı və sosial əlaqələr (bir çox alim, müəllim, aspirant və tələbələr innovasiya təyinatlı şirkətlərdə işləyirdilər) texnopark adı almış unikal bir mühitin formalaşmasına şərait yaratdı.

Texnoparkın Amerika modelinə görə, universitet özünün istifadə olunmayan binalarını, otaqlarını və laboratoriyalarını elmtutumlu şirkətlərə icarəyə verir və onlara müvafiq servis (mühafizə, kommunal) xidmətləri göstərirdi. Nəticədə texnoparkın əməkdaşları ilə universitetin alim, müəllim və tələbələri arasında təbii olaraq şəxsi əlaqələr, işgüzar münasibətlər və ümumi maraqlar formalaşırdı.

Amerika modeli üzrə texnoparkın təşkilati sxeminin çox sadə olmasına baxmayaraq, bu arxitektura müsbət sinergetik effektin formalaşması üçün çox əlverişli sayılır. Yəni universitetin tədris xidmətləri, elmi fəaliyyəti və sosial aktivliyi ilə texnopark şirkətlərinin iqtisadiyyatı və rəqabət qabiliyyəti vahid arxitektura daxilində fəaliyyət göstərir.Vahid kompleksdə cəmlənmiş intellektual potensial və yüksək texnologiya texnoparkın ümumi innovasiya strukturunu formalaşdırır. İndi ABŞ-da 160-dan çox texnopark fəaliyyət göstərir ki, bu da dünyadakı texnoparkların 30 faizini təşkil edir.

ABŞ-dan sonra Avropanın inkişaf etmiş ölkələrində də texnoparklar yaradılmağa başladı: İngiltərənin Kembric Universitetində elmi-texnoloji park, Fransanın Qrenobl Akademiyasında elmi-texniki yeniliklər və istehsal zonası və s.

Avropa təcrübəsi texnoparkların inkişaf strukturunun Amerikadan sonrakı mərhələsini əhatə edir. Avropa ölkələrinin əksəriyyətində inkubator tipli texnoparklardan - innovasiya mərkəzlərindən istifadə təcrübəsi geniş yayılmışdır. Avropa modelinin ümumiləşdirilmiş strukturu aşağıdakı spesifik xüsusiyyətlərə malikdir: çoxsaylı kiçik şirkətlərin ixtisaslaşmış bir binada yerləşdirilməsi kollektiv xidmət imkanlarından birgə istifadə edən çoxsaylı kiçik və orta müəssisələrin formalaşmasına və inkişafına imkan yaradır; bir neşə təsisçinin olması, idarəetmə mexanizminin mürəkkəbləşməsinə baxmayaraq, maliyyələşdirmə imkanları nöqteyi-nəzərindən daha səmərəli sayılır.

Avropa texnoparklarının vacib xüsusiyyəti onların çoxəsrlik tarixə malik qədim universitet kampuslarının ərazisində yerləşməsidır. Məsələn, Kembric elmi parkı ancaq İngiltərədə deyil, Avropanın digər ölkələrində də texnopark ənənələrini səciyyələndirir. Texnopark ideyasının formalaşmasında Avropa təcrübəsi iş yerlərinin intellektual texnologiyalarla təmini, əməyin təşkili mədəniyyətinin yüksəldilməsi, elm, təhsil və biznesin inteqrasiyasının daha səmərəli modellərindən istifadə və digər müasir üsullardan istifadə etməklə Amerika təcrübəsini tamamladı.

Şərq yarımkürəsi ölkələrinin çoxunda mövcud olan texnopark strukturları Asiya modelinə uyğun gəlir. Asiya modelinin ən tipik nümunəsi olan yapon modeli texnopolislərin - yeni şəhərlərin salınmasını nəzərdə tutur. Texnopolislər prioritet istiqamətlər üzrə elmi fəaliyyəti özündə cəmləşdirir, fasiləsiz olaraq innovasiya fəaliyyəti aparır, fundamental sahələr üzrə elmi tədqiqatları tətbiqi işləmələrlə əlaqələndirərək elm və texnologiyanın intensiv inteqrasiyasını təmin edir.

Yaponiyada texnopolis məfhumundan 1980-ci illərdən bəri istifadə olunur. Bu anlayış Yaponiyanın sənaye strategiyasının əsasını təşkil edən iki vacib ideyanın sintezini səciyyələndirir. Birinci ideya (texnologiya) yapon sənayesinin innovasya əsasları üzrə modernləşdirilməsini nəzərdə tutur ikinci ideya (polis) isə yunanca "şəhər-hökumət" mənası daşıyır. Amerikanın "Silikon vadisi" konsepsiyasından fərqli olaraq, yapon texnopolisi elmtutumlu texnologiyaların yaradılmasına daha çox tarazlaşdırılmış yanaşma sayılır. O, ancaq texnologiya ilə məhdudlaşmayaraq elmi-tədqiqat və texnologiya mərkəzlərinə, universitetlərə, yaşayış massivlərinə, parklara, mədəniyyət müəssisələrinə malik yeni tipli elmi şəhərciklərin yaradılmasını nəzərdə tutur. Texnopolislərin yaradılmasında aşağıdakı meyarlar əsas götürülür: əsas şəhərdən 30 dəqiqədən gec olmayan məsafədə yerləşməlidir; əhalisi 200 min nəfərdən az olmamalıdır; tutduğu sahə 500 kvadratmilə bərabər və ya ondan az olmamalıdır; müasir elmi-sənaye komplekslərinin, universitetlərin və tədqiqat institutlarının balanslaşdırılmış arxitekturasına və müvafiq infrastruktura malik olmalıdır.

Hazırda Yaponiyada 19 texnopolis fəaliyyət göstərir. Dünyanın digər ölkələrində də texnopolis təcrübəsindən istifadə edilir. Məsələn, Fransa, Finlandiya, Çin, Hindistan, Malaziya və Sinqapurda texnopolislər yaradılmışdır.

Texnopark ideyası isə daha sonra üçüncü dünya ölkələrində yayılmağa başladı. 1988-ci ildə Çində qəbul edilmiş Dövlət Elm-İstehsal Proqramı üzrə elmi-texniki potensialı bir sıra elmtutumlu sahələrdə (mikro-elektronika, informatika, optik-lifli rabitə, biotexnologiya, tibbi avadanlıqlar və s.) konsentrasiya etmək üçün yüksək texnologiyaların inkişaf zonalarının yaradılması prosesi başladı. Hazırda Çində müxtəlif səviyyəli 120 texnopark fəaliyyət göstərir. Onların məhsul ixracından illik ümumi gəliri 4 milyard dollar təşkil edir.

Dünya təcrübəsində texnopark ideyası ən çox Şanxay və Honqkonq regionlarında reallaşdırılmışdır. Bu ideyanın başlıca prinsipi azsaylı personal və kiçik sahə tələb edən kiçik istehsal tsiklləri təşkil etməkdir. Texnopark ideyasının rentabelliyi ondadır ki, kifayət qədər bahalı və müasir avadanlığa malik biznes inkubatorlar inkişafda olan kiçik biznesin gəlirlərində iştirak edərək fəaliyyət göstərir və özləri də gəlir əldə edirlər. Belə bir fəaliyyəti dəstəkləmək məqsədilə texnoparklar üçün xüsusi iqtisadi zonalar yaradılır.

Digər tərəfdən, texnopark axtarış məkanıdır. Finlandiyada innovasiya texnologiyaları axtarışı ideya-modelindən istifadə edilir. Bu modelə görə, layihələndirmənin birinci mərhələsində ancaq müəllif-ixtiraçı və müəyyən qədər də sərmayə tələb olunur. Bu ideyanı sənaye nümunəsi səviyyəsinə çatdırmağın tələb olunduğu ikinci mərhələdə isə daha çox investisiya, müxtəlif texnika və texnologiya, müxtəlif ixtisaslı mütəxəssislər, tərəfdaşlar və s. lazım gəlir. Bununla belə, hətta ən yaxşı ideyadan əlverişli biznes alınacağını proqnozlaşdırmaq çox çətindir. Odur ki, xırda istehsal biznesində vençur maliyyələşdirilməsindən geniş istifadə edilir. Bunun mahiyyəti ondadır ki, reallaşdırılmaq üçün seçilmiş ideyalardan 15-20 faizinin tətbiq olunması çəkilmiş xərcləri ödəyir və müvafiq bank üçün hətta ən gəlirli investisiyalardan sayılır.

Texnopark dövlətə və yerləşdiyi şəhərə də preferensiyalar gətirir. O, şəhər üçün yeni iş yerlərinin yaradılması və yeni texnologiyaların inkişaf etdirilməsidirsə, dövlət üçün innovasiya əsaslı və rəqabətə davamlı iqtisadiyyatın yaradılması vasitəsidir. Odur ki, belə kommersiya təyinatlı qurumların təsisçisi kimi dövlət, şəhər, bələdiyyə, ali məktəb və biznes strukturları çıxış edirlər. Onlar nizamnamə kapitalına ya maliyyə vəsaiti yatırır, ya da müəyyən preferensiyalar, məsələn, icarə xərci, ərazidən istifadə və s. verirlər.

Texnoparkın digər üstün cəhəti onun kommersiya baxımından cazibədarlığı və sabitliyidir. Məsələn, texnoparkın əsas təsisçilərındən birinin ali məktəb olmasına baxmayaraq, kommersiya strukturu kimi onun idarə olunmasını ali məktəb deyil, biznesdə artıq müəyyən müvəffəqiyyətlər qazanmış və onu özünün əsas fəaliyyət sahəsi sayan sahibkar həyata keçirir. Başqa sözlə, texnopark yüksək texnologiyalar və innovasiyalar əsasında biznes fəaliyyəti göstərən sərbəst, kommersiya baxımından əlverişli və səmərəli müəssisədir.

Texnoparkları idarə edən şirkətlərin səhmləri aşağı riskli səhmlər sayılır. Kiçik innovasiya müəssisələrinin vençur maliyyələşdirilməsi inkişaf etmiş ölkələrdə ixtisaslaşmış maliyyə qurumları vasitəsilə həyata keçirilir. Bu məqsədlə müxtəlif qaynaqlardan (iri korporasiyaların vəsaitləri, banklar, şəxsi əmanətlər, pensiya və xeyriyyə fondları, sığorta şirkətlərinin fondları və s.) istifadə edərək kiçik innovasiya müəssisələrini maliyyələşdirmək üçün xüsusi vençur investisiya fondları formalaşdırılır. Vençur kapitalından istifadə innovasiya prosesində prinsipial əhəmiyyət kəsb edən amildir. Belə layihələr o vaxt böyük müvəffəqiyyət qazanmaq şansına malik olur ki, onlar kiçik texnoloji şirkətlər vasitəsilə yerinə yetirilir. Müxtəlif səbəblər ucbatından iri şirkətlərin riskli layihələri reallaşdırması çətindir. Vençur kapitalı müvafiq maliyyə alətlərinin köməyi ilə yüksək riskli layihələrin dəstəklənməsində iştirak etməyə qadirdir. Məsələn, kompyuter texnologiyalarında ciddi müvəffəqiyyət qazanmış şirkətlərin hər biri vençur kapitalının hesabına maliyyələşdirilmişdir.

Elmi təyinatlı kiçik şirkətlər üçün bank kreditləri əsas investisiya mənbəyi kimi qəbul edilə bilməz, çünki risk yüksəkdir, kiçik müəssisələr adekvat girov qoya bilmir, potensial risk faizini təyin etmək çətindir, kiçik innovasiya müəssisələrinin təsisçiləri, adətən, kifayət qədər maliyyə və idarəçilik təcrübəsinə malik olmurlar. Vençur (ingiliscə: venture) "riskli fəaliyyət və ya başlanğıc" deməkdir. Riskli fəaliyyət terminindən göründüyü kimi, pul qazanmaq istəyən investorla təşəbbüskarın qarşılıqlı münasibətlərində müəyyən qədər risk elemeni var. Çünki kiçik və orta müəssisələrin vençur maliyyələşdirilməsi, bank kreditindən fərqli olaraq, hər hansı bir girov qoyulmadan həyata keçirilir. Təcrübədə vençur maliyyələşdirilməsinə cəlb olunmuş vəsaitlərin bir hissəsini səhmdarların kapitalları, digər hissəsini isə investisiya kteditləri təşkil edir.

İnvestor hər bir sənaye nümunəsinə çəkilən xərclərin optimallaşdırılması məsələsini daim diqqət mərkəzində saxlamalıdır. Əgər investor bankdırsa, onda o, hər bir müəllif-ixtiraçı ilə işləyir. Yox, əgər müəllifin özü tərəfdaşları, texnikanı, mütəxəssisləri axtarırsa və hər dəfə də yenilərini tapırsa, onda xərclər kifayət qədər artır. Belə olan halda texnopark ideyası gündəmə gəlir: bütün ixtiraçıları avadanlığı və ekspertləri olan bir qurumda toplamaq və hamısı ilə birgə işləmək! Bu ideyanı ali məktəb bazasında reallaşdırmaq daha məqsədəuyğundur, çünki ali məktəblərdə müxtəlif elm sahələri ilə məşğul olan mütəxəssislər var. İxtiraları isə müasir texnoloji durum səviyyəsində ekspertiza etmək, standartlar üzrə konstruktiv-texnoloji sənədləri işləmək, istehsalın texnoloji hazırlığı məsələlərini həll etmək və elmi cəhətdən əsaslandırmaq tələb olunur. Ali məktəbin preferensiyası ondadır ki, tələbə və professor-müəllim heyəti ən qabaqcıl istehsal məsələlərinin həllində iştirak edir, ixtiraçının xeyiri başa düşüləcəyi bir mühitdə işləməsi, investorunku isə hər bir ixtiraçı ilə fərdi deyil, yüksək elmi-texnoloji potensiala malik, güclü bir struktur daxilində çalışmasıdır.

Texnoparkın Avropa modelinin ən xarakterik nümunəsi qardaş Türkiyənin İstanbul Texniki Universitetində yaradılmaş ARI texnoparklar kompleksidir. Bu ölkədə 39 texnopark fəaliyyət göstərir. Onlardan 27-si akkreditasiyadan keçmişdir. Türkiyə hökumətinin texnologiya və innovasiya siyasəti və ITU-ARI texnoparkının hüquqi bazasının yaradılması 1961-2009-cu illərdə ölkə qanunvericiliyində çoxsəviyyəli inkişaf mərhələləri keçmişdir. ITU-ARI texnoparklar kompleksinin texniki-iqtisadi göstəricilərinə nəzər salaq:

- ARI 1 və ARI 2 - ərazisi 25 min kvadratmetr, işçilərinin sayı 2000 nəfərdir, tərkibində innovasiya xarakterli 78 şirkət fəaliyyət göstərir, onlardan 12-si beynəlxalq şirkətdir;

- ARI 3 - sahəsi 60 min kvadratmetr, investisiyası 40 milyon dollardır;

- ARI 4 - sahəsi 112 min kvadratmetr, investisiyası 5 milyon dollardır;

- ARI 5 - sahəsi 5 min kvadratmetr, investisiyası 5 milyon dollardır;

- Akademik inkubasiya mərkəzi - sahəsi 2,5 min kvadratmet, investisiyası 2,5 milyon dollardır.

ARI texnoparkında pərli helikopter, pilotsuz helikopter, elektrofurqon, dizel mühərriki, nanosatellit, günəş avtomobili, günəş qayığı və digər innovasiya xarakterli məhsullar istehsal olunur. Günəş avtomobili layihəsi 2011-ci ildə ABŞ-da keçirilmiş müsabiqədə 7 universitet arasında 3-cü yeri, mikrosatellit layihəsi isə 8 universitet arasında 1-ci yeri tutmuşdur.

Rusiyada ilk texnoparklar 1990-cı illərdə yaradılmışdır. Texnoparklar əvvəllər ali məktəblərin və iri elmi-texniki mərkəzlərin nəzdində yaradılırdı. Daha sonra isə regional texnoparklar yaradılmağa başladı. Bu gün qonşu ölkənin 35 regionunda 60 texnopark fəaliyyət göstərir. Texnoparkların yaradılması istiqamətində Rusiyanın ən böyük nailiyyəti isə 29 sentyabr 2010-cu il tarixli federal qanuna uyğun olaraq, Moskva ətrafında "Skolkovo" innovasiya mərkəzi kimi müasir elmi-texnoloji kompleksin yaradılmasıdır. Kompleksdə iqtisadiyyatın tibbi texnika, informasiya texnologiyaları, nüvə texnologiyaları və s. prioritet sahələrinin modernləşdirilməsinə xidmət edən şirkətlər üçün xüsusi iqtisadi şəraitin yaradılması nəzərdə tutulur. "Skolkovo" layihəsi innovasiyaları generasiya etmək qabiliyyətinə malik beynəlxalq intellektual kapitalın konsentrasiya olunması üçün cazibədar mühitin yaradılmasına yönəlmişdir.

Bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış əhəmiyyətli addımdır. Bu istiqamətdə fəaliyyətin əyani nümunəsi Sumqayıt texnoparkıdır. Dövlət başçısı Sumqayıt texnoparkını ölkənin artan iqtisadi qüdrətinin göstəricisi adlandırmışdır. Texnopark Sumqayıt şəhəri üçün yeni iş yerlərinin yaradılması və yeni texnologiyaların inkişaf etdirilməsi, ölkə üçün isə innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın inkişaf etdirilməsi vasitəsidir.

Sumqayıt texnoparkı 45 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 140 min kvadratmetrini parkın istehsalat korpusları tutur. Texnoparkın birinci fazasının inşaat-montaj işlərini həyata keçirmək üçün 2300 nəfərdən artıq adamın əməyindən istifadə olunmuşdur. Müəssisə tam layihə gücünə çatandan sonra burada 3000 işçi, o cümlədən yüksəkixtisaslı mühəndis-texniki kadrlar daimi iş yerləri ilə təmin olunacaqdır. Texnoparkda ölkənin elektroenergetika sənayesində yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün lazım olan müasir avadanlıqlar istehsal edilir. Burada 16 zavodun fəaliyyət göstərməsi planlaşdırılır. Onlardan bir çoxu tam istehsal gücü ilə işləyir, alternativ enerji mənbələrindən istifadə avadanlıqları (günəş kollektoru, külək generatoru), yüksək gərginlik avadanlıqları, yüksək gərginlikli ötürücülərin dayaqları, ağır transformatorlar, hidroturbinlər, müxtəlif kabel məmulatları, geniş çeşidli plastik kütlə və metal borular, şüşə məmulatları və s. məhsullar buraxır.

Texnoparkda plastik kütlə materiallardan 800 millimetrədək diametrli boruların istehsalı həyata keçirilir. 16 atmosferə qədər təzyiqə davamlı olan belə borular MDB məkanında ilk dəfə istehsal edilir. Onlardan qaz və su təchizatında, kanalizasiyada, kiçik elektrik stansiyalarında, kabel çəkilişində istifadə olunacaqdır. Texnoparkdakı digər bir zavodda elektrotexnika sənayesi üçün mis və alüminium kabellər istehsal edilir. Texnoparkda həmçinin müxtəlif növ kabel məmulatları, o cümlədən en kəsiyi 800 kvadratmillimetr olan alüminium və mis ötürüculər, dənizdə istifadəsi nəzərdə tutulan qurğuşun örtüklü nəzarət kabelləri istehsal olunur. Xarici ölkələrdən yüksək gərginlik xətləri üçün kabel istehsalına sifarişlər alınmışdır.

Texnoparkın mühəndis-texniki personalı dünyanın aparıcı şirkətlərinin buraxdığı yüksək texnologiyalar əsasında fəaliyyət göstərən, rəqəmli proqramla idarə olunan texnoloji avadanlıqların, robotlaşdırılmış çevik texnoloji komplekslərin, avtomat xətlərın və s. istismarında yüksək peşəkarlıq nümayiş etdirir, CAD/CAM/CAE/PDM texnologiyaları əsasında fəaliyyət göstərən ən müasir layihələndirmə və idarəetmə kompleksləri - Solid Works, Master CAM, Inventor və s. ilə peşəkar səviyyədə işləyir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə digər bir texnopark - Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Burada neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə parkın xarici və daxili infrastrukturunun yaradılması, ofis, konsaltinq, laborator müayinə, biznes inkubasiya, treninq, peşə hazırlığı, sahibkarlıq fəaliyyəti və digər xidmətlərin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycan üçün kiçik istehsal biznesi böyük əhəmiyyətə malikdir, çünki o, iqtisadiyyatda sabitlik və ixtisaslı iş yerləri yaradır. Ölkə üçün vacib olan digər bir istiqamət iqtisadiyyatı innovasiya əsaslı inkişaf prinsiplərinə keçirməkdir. İnnovasiya və texnopark eyni mahiyyətə malik iki anlayışdır. İnnovasiyalar əsasında inkişaf anlayışı ali məktəblər üçün də böyük əhəmiyyət kəsb edir. Çünki ali məktəblərin əksəriyyəti müəyyən maliyyə çətinlikləri ilə üzləşir. Texnopark ideyası isə istehsal təyinatlı elmi ideyaların kommersiyalaşdırılması üçün geniş imkanlar açır.

Ölkəmizdə Azərbaycan Mühəndislik Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti və digər genişprofilli qurumlar ətrafında yüksək elmi-texniki potensial cəmləşmişdir. Bu qurumların elmi-texniki potensialının və tələbə kontingentinin texnopark ideyası ətrafında təşkilatlanması milli iqtisadiyyatın innovasiyalar və yüksək texnologiyalar əsasında inkişafına böyük töhfələr verə bilər. Növbəti texnoparkın Azərbaycan Mühəndislik Akademiyası, Milli Aviasiya Akademiyası və Azərbaycan Texniki Universitetinin birgə bazasında yaradılmasının aktuallığı aşağıdakı arqumentlərə əsaslanır:

- Yüksək texnologiyaların inkişafının dünya təcrübəsi göstərir ki, texnoparkın səmərəli fəaliyyəti onu elm, sənaye və ali təhsil müəssisələrinin kompakt yerləşdiyi yaşayış məntəqələrində - texnopolislərdə təşkil etmək məqsədəuyğundur.

- Milli Aviasiya Akademiyası və Azərbaycan Texniki Universiteti istehsal infrastrukturu ilə təmin olunmuş binalara və istehsal sahələrinə malikdirlər: su, sıxılmış hava, ventilyasiya, energetika, nəqliyyat magistrallarına yaxınlıq və s.

- Universitetlərin professor-müəllim, alim, tələbə və elmi-texniki heyəti kifayət qədər elmi nəticələrə, ixtira və patentlərə malikdir, aktiv elmi-texniki innovasiya fəaliyyəti həyata keçirirlər.

- Universitetlər elmi-texniki və innovasiya fəaliyyətində geniş beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələrdə iştirak etmək təcrübəsinə malikdirlər.

- Universitetlər xırda və orta sənaye müəssisələri ilə birgə geniş elmi-texniki və innovasiya fəaliyyəti həyata keçirirlər.

Ölkənin innovasiya təyinatlı müəssisələrində yüksək elmtutumlu texnologiyaların işlənməsi, kommersiyalaşdırılması və tətbiqi istiqamətində aparılan məqsədyönlü fəaliyyət Prezident İlham Əliyevin irəli sürdüyü "Qara qızılı insan qızılına çevirək" devizinin reallaşdırılmasının əsas komponentlərindən biridir. Azərbaycan Mühəndislik Akademiyası, Milli Aviasiya Akademiyası və Azərbaycan Texniki Universitetinin elmi-texniki fəaliyyətini texnopark ideyası altında istiqamətləndirməklə kiçik innovasiya müəssisələrinin yaradılması və inkişafı, alimlərin, müəllimlərin, doktorant və tələbələrin elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin, ixtira və kəşflərinin kommersiyalaşdırılması və istehsalata tətbiqi bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin daha da güclənməsinə kömək edərdi.

Xəbər lenti

Xəbər lenti