...

Ötən il 10 mindən artıq əcnəbi vətəndaş Azərbaycandan çıxarılıb

Siyasət Materials 2 Fevral 2012 18:04 (UTC +04:00)
2011-ci ildə Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 10 mindən artıq əcnəbi vətəndaş ölkədən çıxarılıb.
Ötən il 10 mindən artıq əcnəbi vətəndaş Azərbaycandan çıxarılıb

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir M.Əliyev/

2011-ci ildə Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 10 mindən artıq əcnəbi vətəndaş ölkədən çıxarılıb.

Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidmətində cümə axşamı 2011-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında çıxışı zamanı Xidmət rəisi Arzu Rəhimov bildirib ki, hesabat dövründə keçirilmiş tədbirlər nəticəsində 12 530 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

Onlardan 8 058 nəfər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 2 004 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması və 130 digər hallarla (ölkəyə girişinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, inzibati hüquq pozuntusu törətmiş sahibkarların cərimə edilməsi və s.) bağlı qərarlar qəbul edilib.

Qeyd olunan əcnəbi vətəndaşdan əsas olduğu üçün 2 338 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Rəhimov bildirib ki, ötən il ərzində DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, həmçinin daimi qeydiyyat vəsiqələrinin dəyişdirilməsi ilə bağlı 41 801 müraciət, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətinin uzadılması məsələləri ilə bağlı 12 450 müraciət, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı 307 müraciət, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6 740 sənəd, qaçqın statusunun müəyyənləşdirilməsi məsələləri ilə bağlı 41 müraciət daxil olub.

Onun sözlərinə görə, daxil olan müraciətlər fərdi yanaşma tətbiq edilməklə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti