...

Ramil Usubov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 14 Fevral 2012 17:42 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə axşamı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytmanı qəbul edib.
Ramil Usubov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov çərşənbə axşamı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytmanı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Ramil Usubov DİN-in strukturu, fəaliyyət istiqamətləri barədə danışaraq, müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyəti xatırladıb.

Nazir qeyd edib ki, Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğu həmin dövrdə xalqın təkidli tələbi ilə müdrik dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ölkəni məhv olmaq təhlükəsindən xilas edib.

Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində ictimai-siyasi sabitlik bərpa olunub, kriminogen durum nəzarətə götürülüb, vətəndaşlarımızın, eləcə də əcnəbi iş adamlarının təhlükəsiz və əmin-amanlıq şəraitində yaşayıb-işləmələri üçün əlverişli şərait yaranıb.

Daha sonra Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla insan hüquq və azadlıqlarının önə çəkildiyi, demokratik prinsiplərə söykənən və polisin fəaliyyətini tənzimləyən qanunların qəbulu, şəxsi heyətin yeni qanunvericiliyə riayət etməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib.

Eyni zamanda, bəzi problemlərin olduğu da nəzərə çatdırılıb, bu istiqamətdə bütün dünyanı narahat edən transmilli mütəşəkkil cinayətkarlığa, onun ayrı-ayrı növlərinə qarşı birgə mübarizənin zəruriliyi vurğulanıb.

Nazir Usubov Avropa Şurası ilə əməkdaşlıq proqramı çərçivəsində "Polis və insan hüquqları" mövzusunda Azərbaycanın ayrı-ayrı regionlarında keçirilən seminarlarda Böyük Britaniyadan olan ekspertlərin, bu ölkədə keçirilən tədbirlərdə və təcrübə mübadilələrində isə rəhbərlik etdiyi qurumun əməkdaşlarının fəal iştirakını xatırladıb.

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Piter Beytman dünyanın hətta bir çox qabaqcıl ölkələrində iqtisadi böhran yaşandığı halda Azərbaycanın, onun paytaxtı Bakının sürətli inkişafının şahidi olduğunu qeyd edib, diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti