...

Azərbaycan və Rusiya ümumi tarixi məkanın saxlanmasının tərəfdarıdır (FOTO)

Siyasət Materials 17 Fevral 2012 14:41 (UTC +04:00)
Azərbaycanlı və rusiyalı tarixçilər ümumi tarixi məkanın saxlanmasının daha səmərəli yollarını axtarmalıdırlar.
Azərbaycan və Rusiya ümumi tarixi məkanın saxlanmasının tərəfdarıdır (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend müxbir S.Ağayeva/

Azərbaycanlı və rusiyalı tarixçilər ümumi tarixi məkanın saxlanmasının daha səmərəli yollarını axtarmalıdırlar. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən mətbuat konfransında "Vestnik Kavkaza" AİA-nın baş redaktoru, Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsinin dekan müavini Aleksey Vlasov bildirib.

"Bu il "Rusiya tarixi ili" elan edilib və buna görə də MDU-nun tarix fakültəsi MDB-nin müxtəlif ölkələrində silsilə tədbirlər keçirir. Tədbirlər Rusiya tarixinin işıqlandırılması və Rusiya, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Qazaxıstan arasında ümumi tarixi məkanın qorunmasına həsr edilib", - Vlasov qeyd edib.

O bildirib ki, bu silsilədən ilk görüş bir ay əvvəl Qırğızıstanda keçirilib, bu günlərdə isə Azərbaycanda analoji tədbirlər təşkil edilir.

Vlasovun sözlərinə görə, informasiya meydançaları qismində respublikanın qabaqcıl informasiya agentlikləri - Trend, "Novosti-Azerbaydjan", "İnterfaks-Azerbaydjan" çıxış edirlər.

Bu tədbirlər silsiləsinin təşəbbüskarı qismində MDU-nun tarix fakültəsi, Heydər Əliyev Fondu, "Vestnik Kavkaza" Analitik İnformasiya Agentliyi və "Şimal-Cənub" Politoloji Mərkəzi çıxış ediblər.

Vlasovun sözlərinə görə, Bakı görüşlərinin əsas məqsədi Azərbaycan və Rusiya arasında mövcud olan ümumi tarixi məkanın saxlanmasının daha səmərəli yollarının axtarışıdır.

"Ümumi tariximizdəki böyük və faciəvi hadisələr haqqında açıq və qərəzsiz danışmaq, uzun müddət ərzində ölkələrimizin dost xalqlarını küsdürməyə çalışan qeyri-peşəkarlar və siyasətbazların öhdəsinə verilən mövzuları birlikdə müzakirə etmək lazımdır. Eyni zamanda, bəzi "sarı" mətbuatın istifadə etməyi xoşladığı xüsusilə Böyük Vətən müharibəsi kimi ümumi tariximizin hadisələrinə aid damğa və möhürlərdən qaçmalıyıq" , - MDU-nun tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev deyib.

Vlasov xatırladıb ki, ötən il Heydər Əliyev Fondunun köməyi ilə MDU-nun tarix fakültəsinin tələbələrinin 9 May Qələbə Gününün qeyd edilməsinə görə Bakıya səfəri baş tutub. Gələcəyin tarixçiləri müharibə veteranları qarşısında çıxış etmək imkanı qazanıblar.

"Məhz belə məqamlarda başa düşürsən ki, tarix və müasirlik ayrılmaz surətdə bağlıdır. Rusiya və Azərbaycanda SSRİ-nin dağılmasından sonra anadan olan gəncə nəslə tariximizin birliyi hissini çatdırmağı bacaran insanların olması çox gözəldir" , - o vurğulayıb.

Bu il planda Bakıda MDU-nun gənc tarixçilərinin və Azərbaycanın ali məktəblərinin konfranslarının keçirlməsi nəzərdə tutulub. İlin ikinci yarısında Moskva meydançasında iki ölkənin birgə tarixinin öyrənilməsinin aktual mövzularına həsr edilmiş tədbirin keçirilməsi planlaşdırılır. 2013-cü ilin ilk yarısında Bakı və Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yubileyinə həsr edilmiş böyük konfransın keçirilməsi nəzərdə tutulub.

"Konfransda Heydər Əliyevin Moskvada işlədiyi dövrə əsas yer veriləcək. Mövcud tədbir çərçivəsində elmi xarakter daşıyacaq və müəyyən mənbələrə söykənən nəşrin təqdimatı da planlaşdırılıb. Güman edirik ki, bu prosesə Azərbaycan Milli Elmlər Akademiyası və qabaqcıl elmi institutlar və ali məktəblər cəlb ediləcək" , - Vlasov bildirib.

O bu layihələrə tam dəstək göstərdiyinə görə Heydər Əliyev Fonduna böyük minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti