...

Elman Rüstəmov: Strateji çağırışlar Mərkəzi Bankın institusional potensialının daha da müasirləşdirilməsini tələb edir (FOTO)

Siyasət Materials 21 Fevral 2012 13:18 (UTC +04:00)
Mərkəzi Bankın İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.
Elman Rüstəmov: Strateji çağırışlar Mərkəzi Bankın institusional potensialının daha da müasirləşdirilməsini tələb edir (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir N.İsmayılova/

Mərkəzi Bankın İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir.

AMB-dən Trend-ə verilən məlumata görə, ötən ilin dövlət quruculuğumuz üçün çox əlamətdar olduğunu qeyd edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirdi ki, 2011-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini təntənəli surətdə qeyd etmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi kursun nəticəsində Azərbaycan regionun ən güclü ölkəsinə çevrilmişdir. Çox qısa tarixi dövrdə Azərbaycan iqtisadiyyatının miqyası 3 dəfə böyümüşdür.

Rüstəmov bildirdi ki, mürəkkəb qlobal iqtisadi proseslər fonunda ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında Mərkəzi Bank fəal iştirak etmişdir.

Onun sözlərinə görə, makroiqtisadi sabitliyin keşiyində dayanan və iqtisadiyyatın inkişafına strateji dəstək verən müasir dövlət təsisatlarından biri kimi Mərkəzi Bankın fəaliyyəti hər bir iqtisadi sistemin yekun hədəfi olan sosial rifah səviyyəsinin yüksəlməsinə xidmət edir. İnflyasiya aşağı səviyyədə qorunur, milli valyutanın sabitliyi və bankların iqtisadi inkişafa maliyyə dəstəyi təmin edilir, müasir ödəniş sistemləri fəaliyyət göstərir və maliyyə xidmətlərinin keyfiyyəti artırılır.

Mərkəzi Bankın səmərəli fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan Rüstəmov bu yaxınlarda 20 illik yubileyini qeyd edən AMB kollektivinin bir qrup üzvünün təltif ediməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

İclasda Mərkəzi Bankın İdarə Heyətinin üzvləri bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzə ilə çıxış etdilər. Qeyd edildi ki, qlobal böhranın neqativ təsirlərinin aradan qalxdığı hazırkı dövrdə Mərkəzi Bankın siyasəti yenidən inflyasiyanın azaldılmasına yönəldilmişdir.

Eyni zamanda, Mərkəzi Bank pul siyasəti və prudensial tənzimləmə strategiyasının post-böhran dövrünün çağırışlarına uyğunlaşdırılmasına başlayıb. Bank nəzarətinin yeni "kontr-tsiklik" idarəetmə çərçivəsi aktiv olaraq inkişaf etdirilir. Pul siyasəti ilə prudensial siyasətin çərçivəsinin inteqrasiyası sahəsində mühüm innovasiyalar tətbiq edilir. Son qlobal çağırışlardan irəli gələrək qiymət sabitliyi və maliyyə sabitliyi hədəflərinin harmonizasiyası həyata keçirilir.

Pul və maliyyə sabitliyi siyasəti dərin tədqiqat və analitik bazaya əsaslanır.

Ötən il ərzində ödəniş sistemlərinin sabit fəaliyyəti və inkişafı da Mərkəzi Bankın fəaliyyətinin başlıca prioritetlərindən biri olmuşdur. Məqsədyönlü islahatlar nəticəsində elektron ödəniş sistemləri inkişaf etdirilir. Qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sistemi formalaşdırılır, xəzinə infrastrukturları optimallaşdırılır.

İclası yekunlaşdıraraq ümumilikdə 2011-ci ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov növbəti strateji dövrdə Mərkəzi Bankın qarşısında duran vəzifələri də açıqladı. O bildirdi ki, müasir mərhələdə Mərkəzi Bank fundamental strateji çağırış qarşısındadır və bunlar Bankın institusional potensialının daha da müasirləşdirilməsini tələb edir. Mərkəzi Bankın növbəti strateji planlaşdırma mərhələsinə daxil olduğunu qeyd edən E.Rüstəmov bildirdi ki, bu mərhələdə AMB tərəfindən həyata keçiriləcək layihələr Mərkəzi Bankın institusional təkmilləşdirilməsi və modernləşməsinə xidmət edəcəkdir.

Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyini təmin edən yeni mexanizmləri inkişaf etdirmək məqsədilə qlobal miqyasda formalaşan yeni standartları əsas götürəcəkdir. 2012-ci ildə də bank sisteminin tənzimlənməsi və nəzarət çərçivəsinin ən son beynəlxalq təcrübə və standartlar əsasında köklü müasirləşdirilməsi başlıca prioritet olacaqdır.

Mərkəzi Bankın başlıca strateji vəzifələrindən biri Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının işlənməsində və reallaşdırılmasında fəal iştirak etməklə ölkənin iqtisadi inkişafına öz töhfəsini verməkdir.

Yeni strateji dövrdə Mərkəzi Bankın əsas funksiyaları ilə yanaşı, missiyaya xidmət edən digər funksiyalarının da əsaslı müasirləşdirilməsi qarşıya məqsəd qoyulmuşdur. İnsan kapitalının inkişafı qarşıdakı illər üçün də əsas vəzifələrdən biri olacaqdır.

Xəbər lenti

Xəbər lenti