Azərbaycan, Bakı, 28 fevral / Trend, müxbir S.Ağayeva/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 5-də Çexiyada "Şərq tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edəcək. Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.
Çexiyada "Şərq tərəfdaşlığı" (Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus), "Vışeqrad qrupu" ölkələrinin (Polşa, Çexiya, Sliovakiya və Macarıstan) və Baltikyanı ölkələrin (Latviya, Litva və Estoniya), eləcə də hazırda Aİ Şurasına sədrlik edən Danimarkanın XİN rəhbərlərinin görüşü keçiriləcək.
"Şərq tərəfdaşlığı" böyük diqqətə layiqdir (Aİ tərəfdən - red.)", - yerli KİV-in yazdığına görə, Çexiya xarici işlər nazirinin müavini İrji Şnayder deyib.
Qeyd olunur ki, görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə Avropa komissarı Ştefan Füle iştirak edəcəklər. Bu barədə UKRİNFORM yazır.
Xatırladaq ki, "Şərq tərəfdaşlığı" layihəsinə 2009-cu ilin birinci yarısında Çexiyanın Aİ-yə sədrliyi dövründə başlanılıb. Tərəfdaşlığın son sammiti 2011-ci ilin sentyabrında Varşavada Polşanın sədrliyi dövründə keçirilib.