...

Aydın Mirzəzadə: Fransa demokratiya və dövlətçilik imtahanından uğurla çıxdı

Siyasət Materials 29 Fevral 2012 10:56 (UTC +04:00)
Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv etməsi Fransa demokratiyasının, Fransa mədəniyyətinin uğurudur.
Aydın Mirzəzadə: Fransa demokratiya və dövlətçilik imtahanından uğurla çıxdı

Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir M.Əliyev/

Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu ləğv etməsi Fransa demokratiyasının, Fransa mədəniyyətinin uğurudur. Bu barədə Trend-ə millət vəkili, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib.

"Nə qədər təəccüblü olsa da, minilliklərlə dövlətçilik tarixi, zəngin demokratiya təcrübəsi olan ölkə yenidən demokratiya və dövlətçilik imtahanı verəsi oldu və bu imtahandan uğurla çıxdı", - o deyib.

Mirzəzadə qeyd edib ki, Konstitusiya Şurasının qərarı hüquqi, demokratik və mədəni Fransanın siması oldu. Onun sözlərinə görə, insanı başqa cür düşündüyünə görə həbsə və ya cəriməyə məhkum etmək orta əsrlər təfəkkürünə məxsus olan bir qərar idi və Fransa kimi dövlətin belə qərar qəbul etməsi bütün dünyada təəccüblə qarşılandı.

"Bu, Fransanın çoxluğunun qərarı deyildi. Qərar Fransa parlamentində yarıdan da az deputatların iştirak etdiyi məclisdə, həmin iştirak edənlərin də yarısının qəbul etdiyi qərar idi. Və nəticədə çoxluq təşkil edənlər öz sözünü Fransa Konstitusiya Şurasının dili ilə dedi" - millət vəkili bildirib.

Mirzəzadə qeyd edib ki, Türkiyənin, Azərbaycanın, həmçinin Fransanın bu qərarına etiraz edən mütərəqqi bəşəriyyətin də mövqeyi burada az rol oynamadı.

"Ən vacib nəticələrdən biri - Fransanın axırıncı məhkəmə instansiyasının qərarı erməni millətçi dairələri üçün tərs bir şillə oldu. Erməni diaspor təşkilatları Fransada güclüdürlər və Fransanın bu qeyri-demokratik qərarını bütün dünyaya bir örnək kimi yaymaq fikrində idilər. Konstitusiya Şurasının qərarı göstərdi ki, o heç bir zaman hansısa milli azlığın özünün irqçi düşüncəsini Fransanın milli maraqlarına qarşı qoymasına imkan verməyəcək", - millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti