Azərbaycan, Bakı, 12 mart /Trend/
Xorvatiya Prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Tatyana Yosipoviç bazar ertəsi Milli Azərbaycan Tarixi Muzeyində olub.
Trend-in məlumatına görə, qonağa muzeyin tarixi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, muzeyin yerləşdiyi Bakının ən gözəl memarlıq abidələrindən olan bina 1895-1897-ci illərdə tikilib və Azərbaycan milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin mülkü olub. 1920-ci ildə binada yaradılmış muzeydə qədim dövrdən başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə dair 300 mindən çox eksponat toplanıb.
Burada nümayiş etdirilən Azərbaycanın ərazisində mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verir.
Hazırda 150-dən çox işçinin çalışdığı muzey həm də Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi funksiyasını yerinə yetirir.
Xüsusi olaraq qonağın diqqətinə çatdırılıb ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunub.
Qonaq Hacı Zeynalabdin Tağıyevin Xatirə muzeyinin eksponatlarına da maraqla tamaşa edib. Buradakı məişət əşyaları və tarixi sənədlər onda böyük təəssürat yaradıb.
Muzeylə tanışlıqdan xoş təəssürat alan xanım Tatyana Yosipoviç Xatirə kitabına ürək sözlərini yazıb.
Hörmətli qonağa muzeylə bağlı kitablar hədiyyə olunub.
Xanım Tatyana Yosipoviç də öz növbəsində muzeyə xatirə hədiyyəsi təqdim edib.