...

Ombudsman: Azərbaycan xalqına qarşı davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verilməlidir

Siyasət Materials 29 Mart 2012 16:09 (UTC +04:00)
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman: Azərbaycan xalqına qarşı davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verilməlidir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir K.Zərbalıyeva/

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır.

Bəyanatda artıq iki əsrdən çoxdur ki, erməni millətçilərin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində Azərbaycan xalqının ağır məşəqqətlərlə üzləşdiyi vurğulanıb.

Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayaraq təcavüzü nəticəsində isə ölkə ərazisinin 20 faizi işğal edilib, on minlərlə insan həlak olub, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənilərin törətdiyi qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırım hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutublar.

Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törədiblər. 31 mart və 1-2 aprel tarixlərində qırğınlar kütləvi şəkil alıb, silahlanmış erməni əsgərlər dinc əhalini amansızcasına qətlə yetiriblər.

Ombudsman bəyanatda qeyd edib ki, Ermənistanın BMT-nin qətnamələrinə əməl etməməsi və beynəlxalq birliyin buna göz yumması çox pis presedent yaradır.

Bəyanatda beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməsi tələb olunur.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti