Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirdi ki, 2012-ci il uğurlu başlamışdır. Ölkədə ümumi daxili məhsul 0,5 faiz artmış, qeyri-neft sektorunda bu göstərici 7,7 faiz olmuşdur. Ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5 faiz artmışdır. Bu , müstəqillik dövründə rekord göstəricidir.
Artıq sənayeləşmə siyasətinin gözəl nəticələr verdiyini olduğunu deyən dövlətimizin başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14 faiz artdığını bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur, icmal büdcə 25 milyard dollardır. Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 milyard dollardan çoxdur.
Prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edildiyini, hazırda Fondun investisiya və yerləşdirmə portfelinin genişləndiyini, bununla da ölkəmizin iqtisadi gücünün daha da artdığını vurğuladı.
"Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir", - deyən Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizin investisiya paketində daxili sərmayələr üstünlük təşkil edir. İndi ölkədə böyük ixrac potensialı formalaşmış və dövlət bu potensialın güclənməsində maraqlıdır. Sahibkarlığın inkişafı ilə bağlı bu il 200 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Birinci rübdə 24 min yeni iş yeri yaradılmış, onlardan 20 mini daimidir.
Azərbaycanın beynəlxalq iqtisadi reytinqinin getdikcə artdığını vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, ölkədə sosial məsələlərin həlli də diqqət mərkəzindədir. Cari ilin birinci rübündə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsünün həyata keçirilməsi ilə bağlı işlərə başlanıldığını deyən Azərbaycan Prezidenti kompensasiya üçün təxminən 1 milyard manat vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdırdı.
"Birinci rübdə Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib", - deyən dövlətimizin başçısı bu ildən etibarən ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü kimi səlahiyyətlərinin icrasına başladığını və gələn aydan bu quruma sədrlik edəcəyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, birinci rübdə Azərbaycan Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında və Koreyada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində uğurla təmsil olunmuşdur. Avronest Parlament Assambleyasının ikinci sessiyası Bakıda keçirilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan güclənir, ölkəmizdə böyük hərbi sənaye potensialı yaradılır, ordunun qüdrəti artırılır.
Sonra vergilər naziri Fazil Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 2012-ci ilin birinci rübündə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın yekunları barədə məlumat vermişlər.
Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı dedi ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalı, aqroservis şirkətlərinin sayı artırılmalı, ekoloji məsələlərin həlli diqqət mərkəzində saxlanılmalı, paytaxtın və digər şəhərlərin su-kanalizasiya problemi həll olunmalı, Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramının icrası davam etdirilməlidir. Bununla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin miqyası genişləndirilməli, Bakı şəhərinin inkişaf konsepsiyasına uyğun olaraq abadlıq-quruculuq işləri davam etdirilməli, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması, diaspor quruculuğu və islamafobiya meyillərinə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.
Sonda Prezident İlham Əliyev respublikamızda gedən uğurlu sosial-iqtisadi islahatların ölkəmizin müstəqilliyini daha da gücləndirdiyini dedi və bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirdi.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2012-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib (FOTO)
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib