...

Azərbaycan nümayəndə heyəti ABŞ-ın Luiziana ştatının qubernatoru ilə görüşüb (FOTO)

Siyasət Materials 26 Aprel 2012 10:33 (UTC +04:00)
Vaşinqtonda keçirilən "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransı çərçivəsində Amerika Birləşmiş Ştatları Luiziana ştatının qubernatoru Bobbi Cindal ilə görüş keçirilib.
Azərbaycan nümayəndə heyəti ABŞ-ın Luiziana ştatının qubernatoru ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Vaşinqtonda keçirilən "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransı çərçivəsində Amerika Birləşmiş Ştatları Luiziana ştatının qubernatoru Bobbi Cindal ilə görüş keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan və Amerika xalqlarını bu əlamətdar hadisə münasibəti ilə təbrik edən qubernator Cindal ötən müddətdə iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişaf etdiyini bildirib, xüsusən enerji sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdiyini söyləyən qubernator Cindal iki ölkə arasında beynəlxalq təhlükəsizlik sahəsində yüksək səviyyəli münasibətlərin olduğuna diqqət çəkib. Enerji sektoruna qoyulan sərmayələrin əhəmiyyətini qeyd edən Cindal bunun yeni iş yerlərinin açılmasında, iqtisadiyyatın yüksəlişində böyük rol oynadığını deyib. Rəhbərlik etdiyi Luiziana ştatında bu sahədə həyata keçirilən işlərdən geniş söz açan qubernator Azərbaycan kimi Luiziana ştatının da enerji təhlükəsizliyinə xüsusi önəm verdiyini qeyd edib.

O, başçılıq etdiyi ştatla Azərbaycanın oxşarlığına diqqət çəkərək, digər ştat və dövlətlərin dünyada enerji təchizatına verdiyi töhfələrin də əhəmiyyətini vurğulayıb. Görüşdə ABŞ-ın federal, ştat və yerli idarəçilik orqanlarının təmsilçiləri, müxtəlif ştatlardan gəlmiş qonaqlar, həmçinin Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvləri, habelə ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türkiyə ictimai təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndən sonra ABŞ-la strateji münasibətlərin qurulduğu və durmadan inkişaf etdiyi söylənilib, bu əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə əminlik ifadə olunub.

Daha sonra Luiziana ştatının qubernatoru Bobbi Cindalın iştirakı ilə "Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər" konfransına həsr edilmiş ziyafət olub.

Qeyd edək ki, konfrans aprelin 26-da Vaşinqtonun ən böyük tarixə malik "Willard Intercontinental" hotelində keçiriləcək. Tədbir Amerikalı və Avrasiyalıların "Turkaz" Şurası, USAN Amerika Azərbaycanlıları Şəbəkəsi, "Caspian" Strateji İnstitutu, ABŞ-ın Cons Hopkins Universiteti tərəfindən təşkil edilib.

Xəbər lenti

Xəbər lenti