...

Prezident İlham Əliyev: Azərbaycan BMT TŞ-nın fəal üzvü olmaqla qurumda beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcək (FOTO)

Siyasət Materials 4 May 2012 09:49 (UTC +04:00)
Mayın 3-də Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilib
Prezident İlham Əliyev: Azərbaycan BMT TŞ-nın fəal üzvü olmaqla qurumda beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcək (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

Mayın 3-də Nyu-Yorkda Prezident İlham Əliyevin adından Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə rəsmi qəbul təşkil edilib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, ABŞ-ın nüfuzlu siyasi və ictimai xadimləri mərasimdə iştirak ediblər.

Bu tədbir Azərbaycan-BMT əməkdaşlığının verdiyi töhfələri təhlil etmək, onun nəticələri barədə müzakirələr aparmaq baxımından xüsusi əhəmiyyəti ilə diqqəti cəlb etdi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edən BMT-nin baş katibi Pan Gi Mun ilə görüşdü.

Mərasimə dəvət olunan qonaqlar da Azərbaycan Prezidenti ilə görüşərək ölkəmizin BMT-yə üzv qəbul olunmasının 20 illiyi və BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdılar. Bu, bir daha ölkəmizin dünya birliyində tutduğu mövqenin möhkəm təməllər üzərində qurulduğunu göstərdi. Həmçinin bütün beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə səmərəli əməkdaşlıq quran Azərbaycanın beynəlxalq aləmdə qazandığı etimadın və dəstəyin nümayişinə çevrildi.

Bu il ölkəmizin BMT-yə qəbul olunmasının 20-ci ildönümüdür. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu-Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Dövlətimizin başçısı dəvəti qəbul edib buraya gəldiklərinə görə bütün qonaqlara minnətdarlığını bildirdi. Azərbaycanın öz tarixində iki əlamətdar hadisəni qeyd etdiyini deyən Azərbaycan Prezidenti İlham Əliyev bu il ölkəmizin BMT-yə üzv qəbul olunmasından 20 il ötdüyünü diqqətə çatdırdı. Bildirdi ki, ötən il ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bir neçə gün bundan əvvəl isə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi qəbul etmişdir.

Verdikləri dəstəyə görə hamıya minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, 20 il əvvəl müstəqilliyini yenidən əldə edən Azərbaycan ötən dövrdə siyasi sistemində böyük islahatlar həyata keçirmişdir. Azərbaycan tolerant ölkə kimi bu gün dünyada mədəniyyətlərarası dialoqun həyata keçirilməsində mühüm rol oynayır.

Ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlardan da danışan Prezident İlham Əliyev bildirdi ki, son illərdə Azərbaycanda ümumi daxili məhsul bir neçə dəfə artmış, yoxsulluğun səviyyəsi aşağı düşmüş, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilir. Bunu beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı bildirdi ki, BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Lakin təəssüflər olsun ki, onlar Ermənistan tərəfindən icra olunmur.

"Dağlıq Qarabağ münaqişəsi beynəlxalq sülhə və təhlükəsizliyə ciddi maneədir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır", - deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və ölkəmizin pozulmuş hüquqları tezliklə bərpa olunmalıdır.

ABŞ-Azərbaycan münasibətlərinə də toxunan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji təhlükəsizliyi sahəsində inkişaf etdiyini, ölkəmizin terrorizmə qarşı mübarizədə ABŞ-ın strateji tərəfdaşı olduğunu dedi.

Bir neçə ay bundan əvvəl beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimad göstərərək BMT-nin Təhlükəsizlik Şurasına üzv seçdiyini deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmiz bu qurumun fəal və konstruktiv üzvü olmaqla qurumda hər zaman ədaləti, beynəlxalq hüququn normalarını və sülhü dəstəkləyəcəkdir.

Sonra Prezident İlham Əliyevin adından Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə ziyafət verildi.

Xəbər lenti

Xəbər lenti