Azərbaycan, Bakı, 10 may / Trend/
Azərbaycan Prezidenti "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Trend-in məlumatına görə, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Prezidentin aktlarının və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Həmçinin Nazirlər Kabineti "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"nı təsdiq etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir, eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Qaydalar Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsini tənzimləyir.
Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.
Dövlət nəzarətini, qanunlar əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
Qaydalarda dövlət nəzarəti sahəsində həmin qurumların funksiyaları, dövlət nəzarəti üzrə ümumi vəzifələri müəyyən edilir.
Qaydalarla uşaq hüquqlarının həyata keçirilməsinə ümumi dövlət nəzarəti və onun formaları müəyyən edilib.
Qaydalara görə, Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyada təmsil olunan dövlət orqanları həmin dövlət orqanlarının qanunlar əsasında müəyyən olunmuş fəaliyyət istiqamətləri üzrə cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlayır və növbəti il yanvar ayının 15-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər.
İllik hesabatda uşaq hüquqlarının pozulmasına dair müraciətlər barədə ətraflı məlumat verilir, pozuntu halları və onların statistikası göstərilir.
Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat Dövlət Komitəsi tərəfindən Komissiyanın sədrinə təqdim edilir. Hesabata, həmçinin Komissiyanın keçirdiyi monitorinqlər və onların nəticələri barədə məlumat daxil edilir.
Komissiyanın iclasında uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat barədə Komissiya sədrinin məruzəsi dinlənilir.
Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə illik hesabat və həmin hesabat barədə Komissiyanın yekun rəyi Komissiyanın sədri tərəfindən Prezidentə təqdim edilir.
Qaydalarda uşaq müəssisələrində monitorinqlərin Komissiyamnın qərarı ilə aparılması müəyyən edilib.
Monitorinqlər dövri və növbədənkənar keçirilir. Dövri monitorinqlər ildə bir dəfə keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il növbəti il üzrə monitorinqlərin keçiriləcəyi müəssisə və təşkilatların siyahısını və keçirilmə rejimini baxılmaq və təsdiq olunmaq üçün Komissiyaya təqdim edir. Komissiya məsələ ilə bağlı müvafiq qərar qəbul edir.
Növbədənkənar monitorinqlər Komissiyaya müəssisə və ya təşkilatda uşaq hüquqlarının ciddi və ya müntəzəm pozulması halları haqqında əsaslandırılmış məlumat daxil olduqda keçirilir.
Komissiyaya müəssisə və ya təşkilatda uşaq hüquqlarının ciddi və ya müntəzəm pozulması halları haqqında əsaslandırılmış məlumat daxil olduqda, Komissiyanın növbədənkənar iclası keçirilir və məlumatın etibarlılığı təsdiq edildikdə, növbədənkənar monitorinqin keçirilməsi haqqında qərar qəbul edilir.
Hər il yanvarın15-dək Komissiya həmin il üçün monitorinqlərin keçirilməsi üzrə tərkibi 10 nəfərdən çox olmamaq şərti ilə ekspertlər qrupu təşkil edir. Monitorinqlərin keçirilməsi üzrə ekspertlər qrupunun tərkibinə Komissiyada təmsil olunan dövlət orqanlarının nümayəndələri, müstəqil ekspertlər, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilirlər.
Keçirilmiş monitorinqlər nəticəsində uşaq hüquqlarının pozulması halları aşkar edildikdə, Komissiya aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülməsinə dair əlaqədar dövlət orqanlarına tövsiyələr verilməsi və aşkar edilmiş hallar barədə hüquq mühafizə orqanlarına məlumat təqdim edilməsi barəsində qərar qəbul edir.
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti və dövlət orqanları tərəfindən uşaq problemlərinin əlaqəli şəkildə çevik həllinin təşkili məqsədi ilə uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı fəaliyyət göstərir.
"Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası" Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.