Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 17:51-də yayılıb)
Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/
İranın Azərbaycandakı səfirliyinin qarşısında bir neçə ictimai təşkilat tərəfindən etiraz aksiyası keçirilib.
Trend-in məlumatına görə, aksiyaya YAP Gənclər Təşkilatı, "İrəli" İB, AGAT və digər gənclər təşkilatları dəstək göstəriblər.
Əsasən tələbələrin olduğu aksiyada 600-ə yaxın etirazçı iştirak edib. Səfirlik qarşısına toplaşan gənclər İran hakimiyyətindən Azərbaycan əleyhinə Ermənistana dəstək göstərməyi dayandırmağı tələb ediblər.
Aksiya iştirakçıları İrandan Azərbaycanda baş tutacaq "Eurovision" müsabiqəsinin əleyhinə şüarlar səsləndirilməsinə etiraz ediblər.
Aksiyada "Ermənistanı qucağından burax", "İran! Qonşu, yoxsa təhlükə mənbəyi", "İran olmasa, Ermənistanın son nəfəsi də tükənər" şüarları səsləndirilib.
Gənclər musiqinin birlik, bərabərlik olduğunu vurğulayaraq "Eurovision"da bütün xalqlarla birliyimizi və bərabərliyimizi nümayiş etdirdiyimizi qeyd ediblər.
Aksiyanın sonunda gənclər Azərbaycan himnini səsləndiriblər.