...

Bahar Muradova: Bakıda keçirilən “Eurovision” hələ uzun illər insanların qəlbində xoş təəssüratlarla yaşayacaq

Siyasət Materials 27 May 2012 07:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend, müxbir M.Əliyev/

Bakıda keçirilən yarışma "Eurovision" mahnı müsabiqəsinin tarixində özünəməxsus yer tutacaq və hələ uzun illər insanların qəlbində xoş təəssüratlarla yaşayacaq. Bunu bazar günü Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi bu uğurun təməli ötən il, Azərbaycanın bu müsabiqədə qalib gəlməsi ilə qoyuldu.

"Bunu uğur hesab etməyin əsas amillərindən biri də ondan ibarətdir ki, Azərbaycan musiqisi bu tip mötəbər yarışmada nəyə qadir olduğunu göstərdi, bütün il ərzində "Eurovision" müsabiqəsinə hazırlıq prosesində isə Azərbaycan bütün dünyanın diqqət mərkəzində oldu", - Muradova deyib.

Vitse-spiker qeyd edib ki, həftə ərzində bütün Avropanın nəbzi Azərbaycanda, Bakıda döyünür, bir çox Avropa ölkələrinin həm musiqiçiləri, həm tamaşaçıları Azərbaycandadır.

"Azərbaycan il ərzində öz üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirdi və nəinki gözəl musiqiyə və onu təqdim etməyə layiq olan ölkə, eləcə də gözəl təşkilatçı olduğunu ortaya qoydu. Bu, yalnız bizim fikrimiz deyil, bu yarışı izləyən, onun iştirakçısı olan, kənardan müşahidə edən hər kəs bunun belə olduğunu söyləyir", - Muradova qeyd edib.

Onun sözlərinə görə, ən böyük uğur da ondan ibarətdir ki, Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən qazandığı nailiyyətlərin üzərinə birini də əlavə etdi. Respublika mədəni sahədə xalqların, sivilizasiyaların, dövlətlərin yaxınlaşmasına xidmət edən, özlüyündə çox böyük siyasi əhəmiyyəti olan bir mədəni tədbirə ev sahibliyi edə bildi.

"Bu bizim böyük uğurumuzdu. Mən bu uğur münasibətilə bütün Azərbaycan xalqını, bütün musiqisevərləri təbrik edirəm"", - vitse-spiker deyib.

Xəbər lenti

Xəbər lenti