...

"Çikaqo sammitindən sonra Azərbaycan-NATO tərəfdaşlığı: Yeni əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib

Siyasət Materials 8 İyun 2012 12:13 (UTC +04:00)
Atəşkəsin Ermənistan Silahlı Qüvvələri tərəfindən daha intensiv pozulması danışıqlar prosesinə əngəl törədir.
"Çikaqo sammitindən sonra Azərbaycan-NATO tərəfdaşlığı: Yeni əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan, Bakı, 8 iyun / Trend müxbir K.Zərbalıyeva/

Atəşkəsin Ermənistan Silahlı Qüvvələri tərəfindən daha intensiv pozulması danışıqlar prosesinə əngəl törədir. Azərbaycan hökuməti siyasi iradəsini göstərərək yenə də danışıqlar prosesində iştirak etməyə hazırdır. Trend-in məlumatına görə, bunu AMEA İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bu gün Bakıda keçirilən "Çikaqo sammitindən sonra Azərbaycan-NATO tərəfdaşlığı: Yeni əməkdaşlıq perspektivləri" mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

NATO-nu stabillik və təhlükəsizliyi təmin edən təşkilat kimi səciyyələndirən Mustafayeva bildirib ki, azərbaycanlı icma erməni icması ilə birgə Dağlıq Qarabağda yaşamağa hazırdır.

O qeyd edib ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasını təsdiq edən sənədlər qəbul etsə də, indiyədək bu beynəlxalq sənədlər icra olunmur.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çiobanu NATO-nun Çikaqo sammitinin nəticələri, sammitdə qəbul edilən qərarlar barədə danışıb.

Bildirib ki, NATO sülhməramlı qüvvələrinin 2014-ci ilin sonuna kimi Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib.

2014-cü ildən isə yeni missiya formalaşdırlacaq və bu missiya döyüş missiyası olmayacaq.

Səfir qeyd edib ki, Çikaqo Bəyannaməsi növbəti dəfə Azərbaycan, Ermənistan və Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyib və NATO-nun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstəyini ifadə edib.

NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Uilyam Lau çıxışında alyansın fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.

Azərbaycanın Əfqanıstandakı sülhyaratma əməliyyatlarına verdiyi töhfəni xüsusi qeyd edən Lau bildirib ki, Azərbaycan bir müddət əvvəl Əfqanıstanda zabitlərə treninq keçirilməsi üçün 1 milyon avro vəsait ayırıb.

Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev NATO-nun Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirdiyini deyib.

O bildirib ki, NATO münaqişənin sülh yolu ilə həll olunmasını bəyan etsə də, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır, Ermənistan faktiki olaraq güc tətbiq edir. Heç kim bu ölkədən işğal siyasətini dayandırmağı tələb etmir.

Beynəlxalq konfrans Azərbaycan Hüquqşünasları Konfederasiyası, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti