...

Azərbaycan ilə səmərəli dialoq Türkmənistanın xarici siyasətinin vektorlarından biridir - səfir

Siyasət Materials 30 Avqust 2012 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Türkmənistanı çoxəsrlik dostluq əlaqələrinin və xalqların mədəni-mənəvi ənənələrinin tarixi ümumiliyinin bağladığı ən yaxın qonşularla, o cümlədən, Azərbaycanla səmərəli dialoqun qurulması Türkmənistanın yürütdüyü xarici siyasətin strateji vektorlarından biridir. Trend-in məlumatına görə, bu barədə Bakıdakı mətbuat konfransında Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov bildirib.

"İyunun 9-da Türkmənistan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd etdi. Qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan ikitərəfli bərabər hüquqlu əməkdaşlığın dinamik inkişafı yanaşmalara, baxışlara və qarşılıqlı təsirin müxtəlif sferalarında bizim ölkələrimizin vahid mövqelərinə şahidlik edir", - səfir bildirib.

Onun sözlərinə görə, iki xalq arasında münasibətlər qədim ənənələrə malikdir və kökləri Böyük İpək Yolu dövrünə gedib çıxır.

"Avropa və Asiyanın kəsişməsində əlverişli coğrafi mövqedə yerləşən ölkələrimiz müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, regional təhlükəsizliyin təmin olunması, humanitar və sosial sahədə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq nümayiş etdirərək səmərəli əməkdaşlıq edirlər", - diplomat deyib.

"Sözsüz ki, hər şeydən əvvəl yüksək səviyyədə aktiv siyasi əlaqələr Türkmənistan-Azərbaycan əlaqələrinin fəal inkişafı üçün möhkəm platformadır. Buna hər iki ölkənin prezidentlərinin tarixi səfərləri xidmət edə bilər. 2008-ci ilin mayında Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfər etdi. Öz növbəsində, 2008-ci ilin noyabrında Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəldi. Həmçinin, 2010-cu ilin noyabrında Türkmənistan Prezidenti Xəzəryanı dövlətlərin üçüncü zirvə toplantısı çərçivəsində Azərbaycanda oldu. Keçirilən görüşlər dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi yolunda əhəmiyyətli addım oldu", - Komekov bildirib.

Onun sözlərinə görə, Türkmənistan və Azərbaycan liderləri arasında ənənəvi qarşılıqlı etimad dialoqu, həmçinin beynəlxalq görüşlər və forumlar çərçivəsində ən aktual problemlər üzrə aparılan müntəzəm fikir mübadilələri müsbət əməkdaşlığın əhəmiyyətli amilləri kimi xidmət göstərir və əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsinə yardım edir.

Habelə, diplomatın sözlərinə görə, Türkmənistan və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi üçün möhkəm bünövrə mövcuddur.

"Hər il Türkmənistan və Azərbaycan arasında əmtəə dövriyyəsinin artması sıx iqtisadi əməkdaşlığa sübutdur. Ekologiya və ətraf mühitin qorunması məsələləri üzrə aktiv əməkdaşlıq aparılır", - Komekov qeyd edib.

Onun sözlərinə görə, ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olan humanitar əməkdaşlıq dayanmadan inkişaf edir.

"2009-cu ildə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin və 2010-cu ilin noyabrında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsi formalaşan mehriban münasibətlərə şahidlik üçün əyani nümunə ola bilər. Bakı Dövlət Universitetində (BDU) böyük türkmən şairi Nurməhəmməd Əndəlibin 350 illik yubileyinə həsr edilmiş konfransın keçirilməsi, bu böyük şairin Azərbaycan dilinə tərcümə edilmiş kitabının M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilmiş təqdimatı, Türkmənistan səfirliyi və Azərbaycan Təhsil Nazirliyi tərəfindən dirçəliş, birlik və bəşər poeziyasının ən böyük nümayəndələrindən biri Məxtumqulu Fəraqinin poeziya gününün bayram edilməsi çərçivəsində "Qafqaz" Universitetində birgə keçirilmiş elmi-mədəni tədbirlər, türkmən şairlərin bir çox kitablarının Azərbaycan dilinə tərcüməsi və başqa nümunələri göstərmək olar. Həmçinin, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun "Axaltəkə - bizim qürur və şöhrətimiz" adlı kitabının Azərbaycan Atçılıq İdmanı Federasiyasının dəstəyi ilə Azərbaycan dilinə tərcüməsini ayrıca qeyd etmək istərdim. Prezident Qurbanqulu Berdiməhəmmədovun "Xarici siyasət və neytral Türkmənistanın diplomatiyası" adı altında nitqlərinin, çıxışlarının, müsahibələrinin ikicildlik toplusunun Azərbaycan dilinə tərcüməsi və nəşri ölkələr arasında dostluq və qardaşlığın möhkəmləndilməsinə daha bir faktdır", - səfir qeyd edib.

Komekov əlavə edib ki, diplomatik əlaqələrin təcrübəsi göstərir ki, Türkmənistan tərəfindən əməkdaşlığın inkişafının doğru vektoru seçilib. Onun potensialı çox böyükdür və yaradıcıdır. Türkmənistan gələcəkdə də bütün imkanlarından maksimum istifadə etməyə səy göstərəcək.

Xəbər lenti

Xəbər lenti